Hacı Əliyevlə Cəbrayıl Həsənov dünya yığmasında AÇIQLAMA

Hacı Əliyevlə Cəbrayıl Həsənov dünya yığmasında AÇIQLAMA

"Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlığımızı davam etdiririk. Bu gün təlim-məşq toplanışı keçmək üçün Kislovodskiyə yola düşürük. Orada iki həftə hazırlıq keçəcəyik. Sonra isə məşqlərə yenidən Bakıda davam edəcəyik". Bunu SİA-ya açıqlamasında Olimpiya Oyunlarının bürünc medalçısı, ikiqat dünya çempionu, tanınmış güləşçimiz Hacı Əliyev deyib.

O qeyd edib ki, yığma komandamızın 2-3-cü heyəti Kislovodskidən Bolqarıstanda keçiriləcək beynəlxalq turnirə yollansa da, əsas heyət Bakıya qayıdacaq: "Ancaq ola bilər ki, Cəbrayıl Həsənovla mən oradan birbaşa Osetiyaya gedək. Biz dünya yığma komandasına dəvət edilmişik. Ona görə orada dünya yığmasının tərkibində Rusiya millisi ilə görüşdə iştirak edəcəyik. Qarşılaşmanın bu ayın 24-25-də keçirilməsi planlaşdırlıb".

Dünya çempionu qarşıdan gələn Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunlarına iki fərqli heyətin hazırlaşdığını vurğulayıb: "Avropa çempionatı ilə "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının arasında çox az vaxt var. Ona görə hər yarışa ayrı heyət hazırlaşır. Əsas heyətimiz IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq. Yığma komandamız qələbə qazanmaq üçün bütün gücündən istifadə edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə