Milli komandalarımızın uğurları ilə bağlı mətbuat konfransı keçirilib FOTO

Milli komandalarımızın uğurları ilə bağlı mətbuat konfransı keçirilib FOTO

Taekvando üzrə Azərbaycan yığma komandasının Niderlandın Eyndhoven şəhərində keçirilən ənənəvi "Dutch Open" beynəlxalq turnirində, cüdo üzrə milli komandamızın isə Bakıda təşkil olunan Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük dəbilqə" turnirində uğurlu çıxışları ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyində (GİN) baş tutan konfransda GİN-nin İdman şöbəsinin müdiri Fərid Mansurov, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, taekvando üzrə Azərbaycan yığmasının böyük məşqçisi Rəşad Əhmədov, qadınlardan ibarət taekvando millisinin baş məşqçisi Elnur Amanov, Azərbaycan Cüdo Federasiyadının baş katibi Elmar Babanlı, cüdo üzrə milli komandamızın böyük məşqçisi Fərhad Əliyev, məşqçi Mövlud Mirəliyev, digər məşqçilər və medal qazanan idmançılar iştirak ediblər.

GİN-nin şöbə müdiri F.Mansurov hər iki yığma komandamızın böyük uğur qazandığını, idmançılarımızın ölkəmizi layiqincə təmsil etdiklərini bildirib. O, milli komandalarımızın uğurlarını yüksək qiymətləndirib. F.Mansurov idmançılarımızın Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da uğurla çıxış edəcəklərinə əminliyini ifadə edib.

Şöbə müdiri Azərbaycanda idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb və ölkəmizin dünyanın idman mərkəzlərindən biri olduğunu vurğulayıb.

Taekvando üzrə Azərbaycan yığmasının böyük məşqçisi R.Əhmədov Niderlandda keçirilən yarışda idmançılarımızın çıxışları haqqında danışıb. O qeyd edib ki, millimiz "Dutch Open" beynəlxalq turnirini 10 medalla başa vurub. Bildirib ki, Xanoğlan Kərimov (45 kq), Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq), Ramin Əzizov (87 kq), Radik İsaev (+87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Ayaz Qənbərli (51 kq) ilə Darya Şkurko (62 kq) gümüş, Cavad Ağayev (63 kq) və Ayxan Tağızadə (68 kq) isə bürünc medal qazanıb.

R.Əhmədov idmançılarımızın turnirdə iştirakının Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi danışıdığını vurğulayıb.

Taekvando üzrə qadınlardan ibarət milli komandamızın baş məşqçisi E.Amanov isə heyətdə bəzi dəyişikliklər etdiyini bildirib: "Baş məşqçi təyin olunduqdan sonra 4 idmançını heyətdən kənarlaşdırdım. Hazırda əsas yığmamızda 6 qadın taekvandoçumuz var. Çalışacağıq ki, idmançı sayı az olsa da, nəticələr keyfiyyətli olsun. Ola bilər ki, IV İslam Həmrəyliyi Oyunlarında da 6 qadın taekvandoçu ilə çıxış edək".

Cüdo üzrə Azərbaycan yığmasının böyük məşqçisi F.Əliyev idmançılarımızın Bakıda keçirilmiş "Böyük Dəbilqə" turnirində uğurlu çıxış etdikərini qeyd edib. O bildirib ki, idmançılarımız turniri 1 qızıl, 2 gümüş, 4 bürünc medalla başa vurub. Böyük məşqçi məlumat verib ki, Rüfət İsmayılov (81 kq) qızıl, Məmmədəli Mehdiyevlə (90 kq) Elmar Qasımov (100 kq) gümüş, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Elxan Məmmədov (100 kq) və Xanım Hüseynova (63 kq) bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında Niderlanddan sonra 2-ci yeri tutub.

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə