Formula 1 bolidlərinə edilən dəyişikliklər özünü doğruldacaqmı? AÇIQLAMA

Formula 1 bolidlərinə edilən dəyişikliklər özünü doğruldacaqmı? AÇIQLAMA

"Formula 1 yarışlarının təşkilatçıları qarşılarına məqsəd qoymuşdular ki, maşınların sürətini artırsınlar və bolidlərin görünüşü daha aqressiv olsun. Bu baxımdan onlar istədiklərinə nail oldular. Enli təkərlər və bolidlər, aşağı salınmış arxa antiqanad, motor qapağının üzərindəki üzgəc doğrudan da maşınları daha aqressiv göstərir. Testlərdən sonra da məlum oldu ki, dövrələrdə sürətlər artıb". Bunu SİA-ya açıqlamasında Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib.

O qeyd edib ki, bu ilki yarışlarda ötən illə müqayisədə sürət fərqi daha çox olacaq: "Məsələn, Barselonada bu qış ən sürətli olmuş Kimi Rəykkönen keçən il bu trasda poul qazanmış Həmiltondan 3 saniyədən çox sürətli oldu. Nəzərə alsaq ki, testlərdə komandalar real sürətlərini göstərmirlər, onda ilk yarışlarda keçən illə müqayisədə fərqin daha çox olduğunu görəcəyik".

R.Əliyev bildirib ki, dəyişikliklərin nəticələrini mövsümün ilk yarışından sonra bilmək olacaq: "Testlərdə bir-birinin ardınca gedən, bir-birinə yaxın olan pilotlar gileylənirdilər ki, arxada olan maşında, yəni hücum etməyə hazırlaşan boliddə ön hissədə asfaltayatma qüvvəsi itir. Bu o deməkdir ki, ötmələr çətinləşəcək. Əgər ötmələr keçən illə müqayisədə azalsa, bu, tamaşaçıların xoşuna gəlməyəcək".

Onun sözlərinə görə, keçən il komandalar reqlamentdə heç bir dəyişiklik etmədən əvvəlki mövsümlə müqayisədə 2.5-3 saniyə sürətlənmişdilər: "Yəni heç bir dəyişiklik etmədən də yenə 2-3 saniyəlik sürətlənmək olardı. Amma indi komandalar külli miqdarda vasait xərclədilər. Ona görə də çempionat iştirakçılarından biri müflis oldu. Bu il "Manor" komandası Bakıya da gəlməyəcək. Testlərin nəticəsini birmənalı qiymətləndirmək mümkün deyil. İstənilən halda, mövsümün ilk yarışlarını gözləmək lazımdır. Əgər tamaşaçılar ötmələrlə zəngin olan maraqlı yarışlar izləyə bilsələr, onda hesab etmək olar ki, bu qədər xərc çəkməyinə dəyərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə