“Bakı 2017”də yarışacaq ağır atletlərimiz nə zaman müəyyənləşəcək? AÇIQLAMA

“Bakı 2017”də yarışacaq ağır atletlərimiz nə zaman müəyyənləşəcək? AÇIQLAMA

"Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının hazırlıq prosesinə ötən ilin iyul ayından başlamışıq. Həmin dövrdən milli komandalarımızın silsilə təlim-məşq toplanışları təşkil olunur, idmançılarımız yoxlama xarakterli beynəlxalq və yerli turnirlərdə iştirak edirlər". Bunu SİA-ya açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov deyib.

O qeyd edib ki, idmançılarımızın daim hazırlıqlı olmaları üçün ötən ildən Azərbaycan ağır atletləri İordaniya, Polşa, Malaziya, İran və digər xarici ölkələrdə keçirilən nüfuzlu beynəlxalq turnirlərdə iştirak ediblər: "Bunlarla yanaşı, idmançılarımız ölkəmizdə keçirilən Azərbaycan Kuboku və çempionatı, Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş turnirdə də güclərini sınayıblar. Məqsədimiz daha perspektivli idmançıları seçib, IV İslam Həmrəyliyi Oyunları və yeniyetmələrin dünya birinciliyində çıxışını təmin etməkdir. Cari ildə də hazırlıq prosesləri davam edir. "Bakı 2017"də yarışacaq idmançılarımız Ukraynada hazırlıq keçdilər. Hazırda onlar məşqlərini federasiyanın təlim-məşq bazasında davam etdirirlər. Yeniyetmə qızlar və oğlanlar isə Astarada təlim-məşq tolanışdadırlar. İdmançılarımızın məskunlaşması və hazırlığı üçün yüksək şərait yaradılıb.

Baş katib "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq yığma komandalarımızın tərkibinin aprelin 1-10-da dəqiqləşəcəyini vurğulayıb: "IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün kişi və qadın komandalarımızın hərəsindən 10 əsas perspektivli idmançımızdan 8-i seçiləcək. Həmin idmançılar arasında yüksək rəababət var. Onların göstəriciləri çox yaxındır. Ona görə məşqçilər korpusu dəqiq heyəti apreldə müəyyənləşdirəcək. Oyunlarda 8 kişi və 8 qadın atletimiz yarışacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə