Dünya çempionu: “Ən yüksək nəticə göstərmək üçün mübarizə aparacağıq” AÇIQLAMA

Dünya çempionu: “Ən yüksək nəticə göstərmək üçün mübarizə aparacağıq” AÇIQLAMA

"Milli komandamız hazırlıqlarını yüksək səviyyədə davam etdirir.Hər gün 3 məşq keçirik. İdmançılarımız yaxşı formada qalmaq üçün səylə məşq edirlər". Bunu SİA-ya açıqlamasında parataekvando üzrə 3 qat dünya və 2 qat Avropa çempionu, milli komandamızın üzvü Aynur Məmmədova deyib.

O qeyd edib ki, bu il milli komandamız 3 mühüm yarışda mübarizə aparacaq: "Parataekvandoçularımız sentyabrda Belarusda Avropa, oktyabrda İngiltərədə dünya çempionatında, dekabrda isə BƏƏ-də Dünya Oyunlarında yarışacaqlar. Hazırda məşqlərimizi davam etdirməyimizə baxmayaraq, yarışlara bir ay qalmış təlim-məşq toplanışları təşkil olunacaq. Əslində, Avropa çempionatı mayın 27-də keçirilməli idi. Ancaq sonradan yarışın vaxtını sentyabra dəyişdilər".

A.Məmmədova yanvarda keçirilən Azərbaycan çempionatından sonra milli komandanın heyətinin müəyyənləşdirildiyini, ancaq sözügedən yarışlarda əsas yığma komandanın bir nömrəli idmançılarının mübarizə aparacağını bildirib: "Əsas məqsədimiz qarşıdakı Paralimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşmaq və 3 ildə lazım olan reytinq xallarını yığmaqdır. Oyunlarda hər kateqoriya və çəki üzrə 3 idmançı iştirak edəcək. Yarışlarda ən yüksək nəticə göstərmək üçün mübarizə aparacağıq".

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə