Yaşar Bəşirov: “Karateçilərimizin çıxışlarını yüksək qiymətləndirirəm" AÇIQLAMA
"Karateçilərimiz İstanbulda keçirilən 30-cu beynəlxalq "Bosfor" turnirində uğurla iştirak etdilər. Bu yarışda 25 ölkədən 1502 idmançı mübarizə aparırdı. Turnirdə Azərbaycan yığması 19 medal qazandı. Onlardan 6-sı qızıl, 3-ü gümüş, 10-u bürünc medaldır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.
O qeyd edib ki, kata yarışlarında komanda olaraq ilk dəfə iştirak edən idmançılarımız yaxşı nəticə göstəriblər: "Komanda kata yarışlarında ilk dəfə çıxış edən karateçilərimiz bürünc medal qazandılar. Bu o deməkdir ki, baş məşqçi Vahid Eyvazovun rəhbərliyi ilə kata üzrə də inkişafa nail olmuşuq. Kumite üzrə hər çəkidə 3-4 idmançımız yarışırdı. Onları başqa hakimlərin idarəçiliyi ilə keçirilən döyüşlərdə yoxlamaq istəyirdik. Ümumilikdə, karateçilərimizin çıxışlarını yüksək qiymətləndirirəm".
Y.Bəşirov bildirib ki, tanınmış karateçimiz Şahin Atamovun finalda məğlub olaraq, gümüş medal qazanması onun yenilikcə əməliyyat olunması ilə bağlıdır: "Ş.Atamov bir ay öncə öd kisəsindən əməliyyat olunub. O, buna baxmayaraq finala çıxdı. Ancaq gümüş medal qazandı".
Federasiya prezidenti vurğulayıb ki, yarışda Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı (+84 kq) və Rövşən Əliyev (kata) qızıl, Tural Ağalarzadə (-67 kq), Şahin Atamov (+84kq), İsmayıl Quliyev (kata) gümüş, Fərid Savadov (11 yaşlı uşaqlar, -35 kq), Hüseyn Məmmədli (13 yaşlı uşaqlar, -55 kq), Həsən Əliyev (16-17 yaşlı gənclər, -55 kq), Samir Məmmədov (-75 kq), Orxan Heydərli +(84 kq), Tural Balcanlı (kata), Nuranə Əliyeva (-50 kq), Fəridə Abiyeva (-61 kq), həmçinin komanda yarışlarında İlahə Qasımova, Fəridə Abiyeva və Nuranə Əliyevadan ibarət kumiteçilər, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kataçılar bürünc medal qazanıblar.
O əlavə edib ki, karateçilərimiz bu ayın sonunda Dubayda nüfuzlu Karate 1 Premyer Liqa turnirində də mübarizə aparacaqlar. Y.Bəşirovun sözlərinə görə, yığmamız daha sonra mayda Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB