Ruslan Lunyov: "Üçüncü yer mənim üçün sürpriz oldu" FOTOLAR

Ruslan Lunyov: "Üçüncü yer mənim üçün sürpriz oldu" FOTOLAR

Azərbaycanın güllə atıcısı Ruslan Lunyovun Hindistanda keçirilən Dünya Kubokunda bürünc medal qazanması ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyində (GİN) təşkil olunan konfransda GİN-nin İdman şöbəsinin müdiri Fərid Mansurov, Dünya Kubokunun bürünc medalçısı Ruslan Lunyov, Olimpiya Oyunlarının bürünc mükafatçısı, Ruslanın anası İradə Haşumova, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Bakı Atıcılıq Mərkəzinin direktoru Bəyəli Hacıyev, GİN-nin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova və digərləri iştirak ediblər.

Nazirliyin şöbə müdiri F.Mansurov güllə atıcılığı idman növünün Azərbaycanda inkişafı, idmançılarımızın uğurları haqqında danışıb. Nazirlik rəsmisi ölkəmizdə bu idman növü üzrə böyük infrastruktur yaradıldığını vurğulayıb. O, idmançımızın Dünya Kubokundakı çıxışını yüksək qiymətləndirib və gələcəkdə daha böyük uğurlar qazanacağına inandığını bildirib.

R.Lunyov Dünya Kubokunda əsas rəqiblərinin çin idmançıları olduğunu bildirib: "Yarışda ən güclü idmançılar Çin atıcıları idi. İlk iki yeri də elə məhz həmin ölkənin idmançıları tutdular. İlk dəfədir ki, Dünya Kubokunda finala düşdüm. Bu, mənim üçün böyük təcrübədir. Çalışdım ki, maksilmal nəticə göstərim. Üçüncü yer mənim üçün sürpriz oldu. Bürünc medal qazandığım üçün sevinirəm".

İdmançı bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında güllə atıcılığının 6 növündə yarışacağını, bütün gücü ilə medallar qazanmağa çalışacağını vurğulayıb. O, Avropa və dünya çempionatlarına da maksimum hazırlıq keçəcəyini vurğulayıb.

Olimpiya mükafatçısı İ.Haşumova R.Lunyovun gələcək yarışlara hazırlığı, onun nəticələri haqqında məlumat verib. O, idmançımızın sabahdan Sloveniyada keçiriləcək Avropa çempionatına yollanacağını bildirib. İ.Haşumova hazırlıq məqsədilə Urmiyadan məşqçi dəvət etdiyini qeyd edib.

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə