Raqif Abbasov: “Azərbaycanın dünyada özünəməxsus idman dəsti-xətti var” AÇIQLAMA

Raqif Abbasov: “Azərbaycanın dünyada özünəməxsus idman dəsti-xətti var” AÇIQLAMA

"Ölkəmizdə hər il olduğu kimi, bu il də martın 5-də Bədən Tərbiyəsi və İdman Günü geniş şəkildə qeyd olunacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bədən tərbiyəsi və idman günü"nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd olunan bayram münasibəti ilə tədbirlər planı hazırlanıb". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O qeyd edib ki, Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbirlərə artıq start verilib: "Bayram münasibəti ilə hazırda Bakı şəhər Gənclər və İdman Baş idarəsi, Yasamal rayon Gənclər və İdman İdarəsi, Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə idman ictimaiyyəti ilə görüş keçirilir. Bu gün, həmçinin Nəsimi rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin Velotrekdə birgə tədbiri olacaq. Martın 5-də idman ictimiayyətinin nümayəndələri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Şəhidlər Xiyabanında Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edəcəklər. Həmin gün Dənizkənarı Milli Parkda nümunəvi idman çıxışları və digər tədbirlər təşkil ediləcək. Bu həftə paytaxtımızda idman həftəsidir".

R.Abbasov vurğulayıb ki, idman Azərbaycanda dövlət siyasətinin prioritet sahələrdəndir: "Bu gün nəticələrimiz göstərir ki, idman Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatıb. İdmançılarımızın Olimpiya Oyunları, dünya, Avropa çempionatları və kubokları, mötəbər beynəlxalq yarışlardakı nəticələri ölkəmizdə idman sahəsinin uğurlu inkişafının göstəricisidir. Azərbaycanda idmanın böyük maddi-texniki bazası, infrastrukturu mövcuddur. Ölkəmiz dünyanın ən mötəbər kompleks idman yarışlarına ev sahibliyi edir. Azərbaycanın idman mütəxəssisləri dünya federasiyalarının rəhbərliklərində təmsil olunurlar. Ölkəmizin dünyada özünəməxsus idman dəsti-xətti var. İnanıram ki, bu il ölkəmizdə keçiriləcək mötəbər beynəlxalq yarışlar da yüksək səviyyədə təşkil olunacaq və Azərbaycan bir daha dünyanın idman mərkəzlərindən biri olduğunu sübut edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə