Şəhriyar Məmmədyarov: “İndiki reytinq xalı karyeramda ən yüksək nəticədir” AÇIQLAMA
"Şarcada keçirilən FIDE-nin Qran-pri turnirinin birinci mərhələsindən öncə qarşıma yarışda yaxşı çıxış etmək məqsədi qoymuşdum. Mərhələnin sonunda 3 qalibdən biri oldum. Xallarımız eyni olsa da, (5,5) əlavə göstəricilərə görə rusiyalı qrossmeyster Aleksandr Qrişşuk birinci, fransız şahmatçı Maksim Vaşye-Laqrav ikinci, mən isə 3-cü oldum". Bunu SİA-ya açıqlamasında məşhur azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov deyib.
O qeyd edib ki, yarışda daha yaxşı nəticə qazana bilərdi: "Maksim Vaşye-Laqravla oyunda qalib gəlsəydim, göstəricilərim daha yaxşı ola bilərdi. Nəticədən razı olsam da, turnirdə bundan da yaxşı çıxış edə bilərdim. Çalışıram ki, bu ilki Qran-prilərdə mümkün qədər yaxşı nəticə göstərim. Hədəfim dünya çempionatının iddiaçılar turnirinə vəsiqə qazanmaqdır".
Şahmatçı hazırda karyerasında ən yüksək reytinq xalına mlik olduğunu bildirib: "Hazırda 2772 reytinq xalım var. Mən yenidən ilk onluğa qaytdım. İndiki reytinq xalı karyeramda ən yüksək nəticədir. Qarşıdakı aylarda məni daha 2 məsul yarış gözləyir. Nəticələrimi daha da yüksəltmək üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, FIDE-nin Qran-pri turniri 4 mərhələdən ibarətdir. Hər şahmatçı 4 mərhələdən 3-də iştirak etməlidir. Yekunda ilk iki yeri tutan şahmatçılar iddiaçılar turnirinə vəsiqə qazanırlar. Qran-pri turnirinin növbəti mərhələsi mayın 11-dən 22-dək Moskvada keçiriləcək.
Onu da nəzərinizə çatdıraq ki, Ş.Məmmədyarov əvvəlki illərdə iki dəfə iddiaçılar turnirində iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB