Azərbaycan çempionatının açılış mərasimi keçirilib FOTOLAR

Azərbaycan çempionatının açılış mərasimi keçirilib FOTOLAR

Sərbəst və yunan-Roma güləşi üzrə gənclərin Azərbaycan birinciliyinin təntənəli açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan mərasimdə Gənclər və İdman Nazirliyinin (GİN) baş məsləhətçisi Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov, güləşçilər, hakimlər və digərləri iştirak ediblər.

Mərasimdə çıxış edən GİN-nin baş məsləhətçisi Tofiq Eyvazov ölkəmizdə idmanın inkişafından, idmançılarımızın uğurlarından danışıb. O, güləşçilərimizin beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etdiklərini bildirib. Nazirlik rəsmisi yarış iştirakçılarına uğurlar arzulayıb.

AGF-nin vitse-prezidenti Elçin Cəfərov ölkə çempionatlarının hər zaman yüksək rəqabət və idman mübarizəsi şəraitində keçdiyini bildirib. O, Azərbaycan çempionatlarında mükafatçılar sırasına düşən güləşçilərimizin yığma komandaların heyətlərinə cəlb olunduqlarını, beynəlxalq yarışlarda Azərbaycanı təmsil etdiklərini diqqətə çatdırıb.

AGF-nin vitse-prezidenti güləşçilərimizin beynəlxalq səviyyədə yüksək nailiyyətlər qazandıqlarını, hər zaman ümidləri doğrultduqlarını qeyd edib. O, Azərbaycan çempionatının iştirakçılarına qələbələr arzulayıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sərbəst və yunan-Roma güləşi üzrə gənclərin Azərbaycan birinciliyi açıq elan edilib.

Açılış mərasimindən sonra ilk yarış gününün final mərhələsinə start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə