"Bu il Xocalı soyqırımından 25 il keçir. Azərbaycanda və digər ölkələrdə Xocalı faciəsi haqqında həqiqətləri insanlara çatdırmaq üçün çoxsaylı tədbirlər təşkil olunur. Gənclər və İdman Nazirliyi, onun tabeçiliyində olan Bakı şəhər Gənclər və İdman Baş İdarəsi də bu istiqamətdə bir çox layihələr həyata keçirir". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
O qeyd edib ki, Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq Baş İdarə tərəfindən bir neçə idman yarışları və digər tədbirlər təşkil olunacaq: "Azərbaycanda akkreditə olunmuş diplomatik səfirliklərin nümayəndələrinin iştirakı ilə Gəncliyə Yardım Fondunda "Müharibə uşaqların gözü ilə" mövzusunda ənənəvi inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırlması keçiriləcək. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya ədalət" kampaniyası çərivəsində elektron aksiya vasitəsilə Xocalı soyqırımı haqqında həqiqətlər 3 dildə beynəlxalq institutlar, dünyanın aparıcı şəxsləri, "Nobel" mükafatçıları, parlament nümayəndəlikləri, aparıcı ali təhsil ocaqları, Azərbaycanla dostluq, əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən qurumlara çatdırılacaq".
Baş İdarə rəisi bildirib ki, Xocalı soyqırımı haqqında beynəlxalq səviyyədə aparılan işlər daim davam etdirilməlidir: "Dəyişən və informasiyanın bol olduğu zamanda Xocalı soyqırımı haqda həqiqətlərin dünyaya çatdırılması istiqamətində yeni üsulların üzərində də düşünülməlidir. Xocalı soyqırımı haqqında sənədli filmlərlə yanaşı, bu faciəni əks etdirən, dünya səviyyəsində təbliğatının aparılacağı bədii filmə də ehtiyacımız var. Bu gün hər bir yaş təbəqəsinin maraqlandığı sahələrdə Xocalı soyqırımı həqiqətləri əks olunmalıdır. Məsələn, rep üslubunda bu haqda yeni musiqi yaradılmalıdır. Qısametrajlı sujet xəttini əks etdirən sənədli filmlər yaradılmalı, elektron mətbuatda yayımlanmalı, posterlər və bilbordlar hazırlanmalıdır. Xarici diplomatik korpusların qarşısında səsgücləndiricilər, müxtəlif iri ölçüdə hazırlanmış posterlər vasitəsi ilə Xocalı soyqırımı həqiqətləri insanlara çatdırılmalıdır. Bu informasiyalar həmin ölkələrin ictimai nəqliyyatlarında da əks olunmalıdır. Bu il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Qeyri-Hökumət Təşkilatları tərəfindən "Xocalıya ədalət" kampaniyası çərçivəsində yeni məhsullar, toplular, kitablar, disklər müsəlman dövlətlərinin nümayəndələrinə təqdim edilməlidir. Uşaqlar üçün cizgi filmlərində epizodik olaraq Xocalı həqiqətləri öz əksini tapmalıdır. Bu işlər il ərzində davamlı şəkildə aparılmalıdır".
R.Abbasov Xocalı soyqırımı haqda həqiqətlərin daim dünyada yeni nəsillərə ötürülməli olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB