Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb FOTOLAR

Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb FOTOLAR

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), "Hədəf" Nəşrləri, "IB CLUB" Gənclərin İnkişaf Mərkəzi, "Velosport" mağazası və "Ladies on Bikes" həvəskar velosiped klubunun birgə layihəsi olan "Mənim velo-məqaləm" adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. SİA-nın məlumatına görə, Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən mükafatlandırma mərasimində AzVİF-in baş katibi Fərhad Əliyev, BŞGİBİ-nin rəsi Raqif Abbasov, Milli Olimpiya Komitəsinin (MOK) nümayəndəsi Mehman Kərimov, Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov, "Hədəf" Nəşrlərinin təsisçisi Şəmil Sadiq, "Gənc alimlər" cəmiyyətinin rəhbəri İlqar Orucov, Yazıçılar İttifaqının üzvü Babək Qoca, müsabiqə iştirakçıları və jurnalistlər iştirak ediblər.

AzVİF-in baş katibi Fərhad Əliyev, BŞGİBİ-nin rəsi Raqif Abbasov, MOK-un nümayəndəsi Mehman Kərimov və digərləri müsabiqənin əhəmiyyətindən danışaraq müxtəlif yanaşma tərzinə malik yazıları olduqca yüksək qiymətləndiriblər. Natiqlər bildiriblər ki, son illər ərzində Azərbaycanda velosiped idmanına artan marağın nəticəsidir ki, bu cür müsabiqələr olduqca geniş rezonans doğurur.

Tədbirdə layihənin yazılarından ibarət kitabın təqdimat mərasimi də keçirilib.

Qeyd olunub ki, müsabiqəyə ümumilikdə 200-ə yaxın yazı təqdim edilib. Onların içərisindən ən yaxşı 30 məqalə seçilərək "Mənim velo-məqaləm" kitabına salınıb. Yazıların qiymətləndirilməsi "Hədəf" Nəşrlərinin müəyyənləşdirdiyi münsiflər heyəti tərəfindən aparılıb.

Müsabiqənin yekununa əsasən, I, II və III yerləri tutan ən yaxşı yazı müəllifləri təşkilatçılar tərəfindən mükafatlandırılıblar. Qalibə isə milli velosiped brendimiz olan "İSMA BİKES" velosipedi hədiyyə olunub.

Bundan başqa, 10 yazı müəllifinə həvəsləndirici mükafat təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə