Xəbər verdiyimiz kimi, bu il mayın 12-dən 22-dək Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. SİA-nın məlumatına görə, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 20 idman növü və görmə qabiliyyəti olmayanlar üçün cüdo və iki para atletika idman növü üzrə yarışlar keçiriləcək. Onlardan 17-si olimpiya, 3-ü qeyri-olimpiya idman növüdür. Oyunlarda 279 medal dəsti uğrunda mübarizə aparılacaq. "Bakı 2017"də artıq 53 ölkə iştirakını təsdiq edib.
IV İslam Həmrəyliyi Oyunları zamanı 16 yarış obyekti və yarışların keçirilməyəcəyi 8 obyektdən istifadə ediləcək. Həmin yarış obyektləri haqqında oxucularımıza geniş məlumat təqdim edirik:
Bakı Olimpiya Stadionu
Atletlər kəndinin yaxınlığında yerləşən möhtəşəm Olimpiya Stadionu 2015-ci ildə keçirilmiş I Avropa Oyunları ərəfəsində istifadəyə verilib. Bakı Olimpiya Stadionu Bakı 2017-nin Açılış və Bağlanış Mərasimlərinə, o cümlədən atletika və para-atletika yarışlarına ev sahibliyi edəcək.
Bu çoxfunksiyalı stadion 65000 tamaşaçı tutumuna malikdir, lakin Oyunlar zamanı daha az sayda tamaşaçını qəbul edəcək.
Stadionun tikintisinə 2011-ci il iyunun 6-da Azərbaycan Prezidenti İlham Əliyev, FİFA və UEFA prezidentləri Zepp Blatter və Mişel Platininin təməl qoyma mərasimində iştirakı ilə başlanılıb
Atletika yarışları 16-20 may tarixlərində baş tutacaq.
Olimpiya Stadionu "Avro 2020" yarışlarının dörddə bir final mərhələsinin oyunlarına və qrup mərhələsi oyunlarından üçünə ev sahibliyi edəcək.
Bakı Su İdmanı Mərkəzi
Bakı Su İdmanı Mərkəzi "Bakı 2015" I Avropa Oyunları ərəfəsində inşa edilib və Azərbaycanda tanınmış, əlamətdar idman arenasına çevrilib. Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşən idman obyekti Oyunlar zamanı iki su idmanı növünə, yəni üzgüçülük və suya tullanma üzrə yarışlara ev sahibliyi edəcək.
Üzgüçülük yarışları 13-17 may, suya tullanma yarışları isə 18-21 may tarixlərində keçiriləcək.
Voterpol Arenası
.jpg)
Vaterpol arenası Avropa Oyunları üçün təşkil olunan beş müvəqqəti obyektdən biridir. Açıq arena Bakı Su İdmanı Mərkəzinin yaxınlığında yerləşir, bu da tamaşaçıların yarışlara Xəzər dənizinin sahilində baxmasına imkan verir.
Bakı 2017 zamanı Vaterpol Arenası 13-17 may tarixlərində - 5 gün ərzində istifadə ediləcək.
Vaterpol Arenası yarış zamanı eyni anda 690 tamaşaçı tutumuna malik olacaq.
Basketbol Arenası
Basketbol Arenası Bakı Su İdmanı Mərkəzinin yaxınlığında yerləşən daha bir müvəqqəti idman obyektidir. Arenada 1650 tamaşaçı Oyunlar zamanı səbətə yönələn hər biri atışı görmək imkanına sahib ola bilər.
"Bakı 2017" zamanı Basketbol Arenası 18 may tarixindən başlayaraq 4 gün ardıcıl Basketbol 3x3 yarışlarına ev sahibliyi edəcək.
Əsas Basketbol Arenası yarış zamanı təxminən 1650 tamaşaçı tutumuna malik olacaq.
"Bayıl Arena" Stadionu
"Bayıl Arena" Stadionu 2012-ci ildə açılıb və həmin il burada təşkil olunan ilk oyun Azərbaycan və Zambiya yığma komandaları arasında qarşılaşma olub. Stadion 2012-ci ildə FİFA U-17 Qadınlararası Dünya Çempionatının qrup mərhələlərinin təşkili üçün nəzərdə tutulmuş obyektlərdən biri olub və qrup mərhələsinin üç yarışına ev sahibliyi edib.
IV İslam Həmrəylik Oyunları zamanı Bayıl Arena futbol yarışlarına ev sahibliyi edən dörd stadiondan biri olacaq.
Futbol oyunları 9-21 may tarixlərində dörd arenada təşkil olunacaq.
"Azal Arena" stadionu
"Azal Arena" stadionu Bakı şəhərinin Şüvəlan qəsəbəsində yerləşir və qapılarını ilk dəfə olaraq, 2011-ci ildə tamaşaçıların üzünə açıb. Bu idman obyekti AZAL Peşəkar Futbol Klubunun daimi oynadığı ev stadionudur və Ağır Atletika Akademiyasının yaxınlığında yerləşir.
IV İslam Həmrəylik Oyunları zamanı "Azal Arena" futbol yarışlarına ev sahibliyi edən dörd stadiondan biri olacaq.
Futbol oyunları 9-21 may tarixlərində bir-birindən fərqli dörd arenada təşkil olunacaq.
"Dalğa Arena" stadionu
"Dalğa Arena" stadionu Bakı şəhərinin Mərdəkan qəsəbəsində yerləşir və 2011-ci ildə fəaliyyətə başlayıb. Obyekt 2012-ci ildə FİFA U-17 Qadınlararası Dünya Çempionatı zamanı yarışlara ev sahibliyi edib və məşhur Dalğa Çimərlik Klubunun yaxınlığında yerləşir.
"Dalğa Arena" 2011-ci ildə Zepp Blatter və Mişel Platininin təşəbbüsü ilə açılmış çoxfunksiyalı stadiondur.
Bu idman obyekti 2012-ci ildə UEFA Avropa Çempionatının təsnifat mərhələsində Azərbaycan milli komandasının oyunlarına ev sahibliyi edib.
"Bakı 2017" zamanı "Dalğa Arena" futbol yarışlarına ev sahibliyi edəcək dörd stadiondan biri olacaq Futbol oyunları 9-21 may tarixlərində dörd müxtəlif arenada təşkil olunacaq.
Ağır Atletika Arenası
Ağır Atletika Akademiyası Bakı şəhərinin Şüvəlan qəsəbəsində yerləşir və 2009-cu ildə yaradılıb. O, ağır atletika üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının arenasıdır və yerli səviyyəli ağır atletika yarışlarının təşkili məqsədilə istifadə olunur. Obyekt "Azal Arena"nın yaxınlığında yerləşir. Bu idman obyekti 2016-cı ildə beynəlxalq ağır atletika turnirinə ev sahibliyi edib.
Bu il Bakıda təşkil olunacaq İslam Həmrəylik Oyunları zamanı Ağır Atletika Akademiyası 13-17 may tarixlərində ağır atletika yarışlarının keçirilməsi üçün istifadə olunacaq.
Bakı İdman Zalı
Bakı İdman Zalı 2015-ci ildə təmir edilmiş idman obyektidir. Dənizkənarı Milli Parkın yaxınlığında yerləşən idman obyektində Oyunlar zamanı karate, taekvondo və uşu yarışlarına 1250 nəfər tamaşa edə biləcək. Bakı İdman Zalında "Bakı 2015" I Avropa Oyunlarının keçirilməsi üçün əsaslı təmir işləri aparılıb. Bu obyektdə əvvəllər Voleybol çempionatları da keçirilib.
"Bakı 2017"də karate yarışları 13-14 may, uşu yarışları 20-21 may, taekvondo yarışları isə 16-18 may tarixlərində keçiriləcək.
Bakı Atıcılıq Mərkəzi
Bakı Atıcılıq Mərkəzi "Bakı 2015" I Avropa Oyunları üçün yeni inşa olunmuş atıcılıq obyektidir və "Bakı 2015"dən qalmış daimi mirasın bir hissəsidir. Bu obyekt Bakı şəhərinin mərkəzindən qərbdə, 30 dəqiqəlik məsafədə yerləşir və 550 nəfərlik tamaşaçı tutumuna malikdir.
Bakı Atıcılıq Mərkəzinin sahəsi 19,6 hektardır.
"Bakı 2017" zamanı Bakı Atıcılıq Mərkəzi 13-17 may tarixlərində - 5 gün ərzində atıcılıq yarışlarına ev sahibliyi edəcək.
Bakı Tennis Akademiyası
Bakı Tennis Akademiyasının əsası 2009-cu ildə qoyulub. Bu idman obyekti 2.7 hektarlıq ərazini əhatə edir. Sözügedən obyekt açılıb-yığıla bilən dam örtüyündən və qapalı/açıq tipli 12 tennis kortundan təşkil olunmuş əsas, mərkəzi tennis kortundan ibarətdir. Obyekt keçmişdə Qadın Tennis Assosiasiyasının tədbirlərinə ev sahibliyi edib.
Bu il Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları zamanı Bakı Tennis Akademiyası mayın 12-dən etibarən 11 gün ərzində ardıcıl olaraq tennis yarışlarının keçirilməsi məqsədilə istifadə ediləcək.
Bakı Kristal Zalı 1 və 2
Bakı Kristal Zalı Xəzər dənizində yarımadanın Bakı buxtasındakı çıxıntısının üzərində yerləşir. Bu çoxməqsədli məkan 2012-ci ildə keçirilmiş "Eurovision" Mahnı Müsabiqəsi zamanı inşa edilib və Avropa Oyunları ərəfəsində əlavə olaraq təmir edilib. "Bakı 2017" üçün obyekt iki hissəyə bölünəcək - Kristal Zalı 1 və 2. Kristal Zalı 1 voleybol yarışlarına ev sahibliyi edəcək.
"Bakı 2015" I Avropa Oyunları zamanı Kristal Zalı 1 16 gün ərzində voleybol yarışlarına ev sahibliyi edib.
Kristal Zalı 2 zala bölünüb və voleybol, zorxana və boks yarışlarına ev sahibliyi edəcək.
Kristal Zalı 1 Bakı 2017 zamanı voleybol yarışlarının keçirilməsi üçün istifadə ediləcək
Boks yarışları 12-18 may, zorxana yarışları isə 20-22 may tarixlərində keçiriləcək.
Sərhədçi İdman Kompleksi
"Sərhədçi" İdman Olimpiya Mərkəzinin tikintisinə 2007-ci ildə başlanılıb və obyekt 2009-cu ilin avqust ayında açılıb. Sözügedən obyekt Bakı şəhərinin Xətai rayonunda yerləşir və beynəlxalq səviyyəli müxtəlif idman yarışlarına ev sahibliyi edib.
Bu il Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları zamanı "Sərhədçi" İdman Olimpiya Mərkəzi həndbol və stolüstü tennis yarışlarının keçirilməsi üçün istifadə ediləcək.
Heydər Əliyev adına İdman Arenası
Heydər Əliyev adına İdman Arenası Bakının mərkəzində, Tbilisi prospektində yerləşir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan bu məkan 1990-cı ildə istifadəyə verilib və bu tarixdən etibarən müxtəlif idman növləri üzrə 30-dan çox beynəlxalq yarışa ev sahibliyi edib. Bu idman obyekti "Bakı 2015" I Avropa Oyunlarından öncə əsaslı şəkildə təmir edilib.
"Bakı 2017" zamanı Heydər Əliyev adına İdman Arenasında cüdo və görmə qabiliyyətini itirmiş şəxslər üçün cüdo, yunan-Roma güləşi və sərbəst güləş üzrə yarışlar keçiriləcək.
Cüdo və görmə qabilyyətini itirmiş şəxslər üçün cüdo yarışları 13-15 may, yunan-Roma güləşi yarışları 17-18 may, sərbəst güləş yarışları isə 17-22 may tarixlərində keçiriləcək.
Milli Gimnastika Arenası
Milli Gimnastika Arenası Atletlər Kəndinin cənubunda yerləşir. Bu idman obyektinin tikintisi 2014-cü ilin fevralında tamamlanıb və aprel ayında arenanın rəsmi açılışı olub. Azərbaycan Gimnastika Federasiyası həmin idman arenasında yerləşir. Arena 2014-cü ilin iyununda bədii gimnastika üzrə 30-cu Avropa çempionatına ev sahibliyi edib.
"Bakı 2017" zamanı Milli Gimnastika Arenası bədii gimnastika və idman gimnastikası yarışlarına ev sahibliyi edəcək.
Bədii gimnastika və idman gimnastikası yarışları 12-15 may tarixlərində keçiriləcək.
Tofiq Bəhramov adına Respublika Stadionu
Məşhur futbol hakimi Tofiq Bəhramovun şərəfinə adlandırılmış stadion 1951-ci ildə tikilib. Stadion 2012-ci ildə təmir edilib və yenidən açılıb.
"Bakı 2015" I Avropa Oyunları zamanı Tofiq Bəhramov adına Respublika Stadionunda kamandan oxatma yarışları keçirilib
Bu idman obyekti "Bakı 2017"nin futbol yarışlarının final oyununa ev sahibliyi edəcək. Tofiq Bəhramov adına Respublika Stadionu 30000 nəfər tamaşaçını qəbul edə bilər.
Futbol Oyunları 9-21 may tarixlərində dörd müxtəlif arenada təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB