Könüllülərin İnkişaf Proqramı öz fəaliyyətinə başlayıb FOTOLAR

Könüllülərin İnkişaf Proqramı öz fəaliyyətinə başlayıb FOTOLAR

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və BP Şirkətinin birgə tərəfdaşlığı ilə bu gün "Uğurlu Gələcək" Könüllülərin İnkişaf Proqramının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən mərasimdə "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin (AİHOƏK) korporativ direktoru Elçin Səfərov, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və könüllülər iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, proqram üç istiqamətdə həyata keçiriləcək. "Bakı 2017 Könüllülərinin IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı", "Bakı 2017" Könüllülərinin şəxsi və peşəkar inkişafı" və "Bakı 2017 Könüllülərinin sosial fəaliyyəti" istiqamətində təlimlər təşkil ediləcək. Proqramın əsas məqsədi "Bakı 2017" könüllülərinin gələcək iş həyatında uğur qazanmasına şərait yaratmaq, eyni zamanda hədəflərinə doğru gedən yolda gənclərə dəstək olmaqdır.

BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək "Uğurlu Gələcək" Könüllülərin İnkişaf Proqramını elan etməkdən məmnunluğunu bildirib: "Azərbaycanda öz 25 illiyini qeyd edən bir şirkət kimi biz bu ölkənin təkcə neft və qaz sənayesinin inkişafında yox, həm də bir çox digər sahələrində yaxından iştirakımızdan qürur duyuruq. İdmanın inkişafına göstərdiyimiz dəstək çərçivəsində "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla ölkənin idman potensialının yüksəlməsinə dəstək vermək və yaşanacaq idman həyəcanını bölüşmək istəyirik. Bu gün açılışını elan etdiyimiz Könüllülərin İnkişaf Proqramı da məhz yüksək potensialı olan gənclərin inkişafına imkan yaradan bir layihədir. Düşünürük ki, biz bu imkanı yaratmaqla ölkənin uğurlu gələciyinin qurulmasında iştirak edirik və bundan çox məmnunuq".

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov könüllülərin Oyunlara xüsusi bayram abu havası bəxş edəcəyini qeyd edib: "Bakı 2017" könüllüləri IV İslam Həmrəyliyi Oyunlarının ayrılmaz hissəsidir. Məhz könüllülərin uğurlu gələcəyi, onların parlaq sabahı üçün təşkil olunan təlimlərin çox böyük önəmi və əhəmiyyəti var. Könüllülər bu təlimlərdə yeni təcrübə, bilik qazanmaqla bərabər, Oyunlar zamanı Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmək imkanı da qazanacaqlar".

O, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının uğurlu keçirilməsində könüllülərin danılmaz rolunu vurğulayıb.

Daha sonra "Uğurlu Gələcək" Könüllülərin İnkişaf Proqramı "Bakı 2017" Könüllülərinin şəxsi və peşəkar inkişafı istiqaməti üzrə "Effektiv Kommunikasiya" təliminə başlanılıb. Televiziya və Radio aparıcısı Dj Fateh, həmçinin "Hyundai" markasının Marketinq Meneceri Rauf Cahangirovun apardığı təlimin əsas istiqaməti könüllülərə ünsiyyət sahəsində həm effektiv məlumatların çatdırılması, həm də bu sahədə adı çəkilən təlimçilər tərəfindən təcrübənin bölüşdürülməsi olub.

Qeyd edək ki, "Uğurlu Gələcək" Könüllülərin İnkişaf Proqramı çərçivəsində "Effektiv Kommunikasiya" təlimi üçün qeydiyyatdan keçən ilk 400 könüllü təlimdə iştirak imkanı əldə edib. Təlimin sonunda könüllülərə iştiraka dair sertifikat təqdim olunacaq.

Poqram qarşıdakı günlərdə yuxarıda sadalanan digər istiqamətlər üzrə keçiriləcək növbəti tədbirlər və təlimlərlə könüllüləri məlumatlandırmağa davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə