Formula-1 yarışının promouteri - "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin təşkilatçılığı ilə Bakıda "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2017" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfransda Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, dövlət qurumlarının, biznes və xidmət sahələri ilə məşğul olan şirkətlərin təmsilçiləri, Abu-Dabi, Soçi, Bəhreyn Qran-prilərinin yüksək vəzifəli nümayəndələri və jurnalistlər iştirak edirlər.
Tədbirdə çıxış edən nazir A.Rəhimov Azərbaycanda idmanın inkişafı haqqında məlumat verib. O, mötəbər beynəlxalq idman yarışlarının ölkəmiz üçün əhəmiyyətindən danışıb. Nazir Azərbaycanda dünyanın ən böyük idman yarışlarının uğurla təşkil edildiyini, ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib: "Azərbaycanda idman sahəsində dünya standartlarına cavab verən maddi texniki baza yaradılıb. Bu idman qurğularının yarışlardan sonra da qorunub saxlanılması və insanların bura cəlb edilməsi önəmlidir. Bir çox olimpiadalardan sonra oradakı idman qurğularının dağıldığı və heç kim tərəfindən istifadə edilmədiyi görünür. Ancaq Azərbaycanda idman kompleksləri yüksək səviyyədə saxlanılır və insanlar bu qurğulardan istifadə edirlər. Ölkəmizdə güclü könüllü hərəkatı var. 17 mindən çox gənc beynəlxalq tədbirlərin təşkil edilməsi üçün könüllü olaraq fəaliyyət göstərir. Biz yerli insanların və şirkətlərin də beynəlxalq idman yarışları zamanı müxtəlif layihələrə qoşulmasını təmin edirik".
Nazir müavini Nazim Səmədov Azərbaycanın turizm potensialından, beynəlxalq yarışlar zamanı turizmin inkişaf etdirilməsindən danışıb.
Daha sonra çıxış edənlər beynəlxalq idman yarışlarının ev sahibi ölkəyə faydaları, irimiqyaslı yarışların müsbət nəticələri, ortaya çıxa bilən problemlərin həlli və biznesin buna hazırlıq vəziyyətindən söz açıblar.
Qeyd edək ki, bu mövzuda konfrans MDB məkanında və regionda ilk dəfə olaraq Azərbaycanda təşkil edilir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB