Samir Abasov: “Neftçi” qələbəyə layiq idi

Samir Abasov: “Neftçi” qələbəyə layiq idi

"7 məğlubiyyətsiz oyundan sonra uduzduq. Qismət belə imiş. Bundan da çətin oyunumuz AZAL-la evdə baş tutacaq. Bu gün danışalacaq bir şey yoxdu". Apasport.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib. Azərbaycan Premyer Liqasının XVIII turunda dünən "Neftçi"nin qonağı olan "Sumqayıt" meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Matçdan sonra keçirilən mətbuat konfransında Abasov bunları deyib: "Hava şəraiti oynamağa imkan vermədi. "Neftçi" qələbəyə layiq idi. Rəqibi təbrik edirəm. Çox gücləniblər. Bizim "Neftçi" eyni "Neftçi"di".

- Fasilədən sonra nə baş verdi? İlk hissədə komanda daha inamlı təsir bağışlayırdı…

- Hava şəraiti oynamağa imkan vermirdi. Yoxsa ciddi dəyişiklik baş vermədi. Sadəcə, "Neftçi"nin təzyiqinə tab gətirmədik.

- Komandanın gələcək planları necədi? Bir də ki, oyunun son dəqiqələrində azarkeşlərlə nə baş vermişdi?

- Heç bir planımız yoxdu. Azərbaycanda plan qurmaq nə dərəcədə uyğundu bilmirəm. Bilmirəm haranın azarkeşləri idi. Haramları olsun. Bu cür komanda yaratmışıq, ancaq belə ifadələr işlədirlər. Mən onları heç "Sumqayıt" azarkeşi də saymıram. Təhqir olmadı, sadəcə, elə sözlər dedilər ki, onu heç cür qəbul eləmək olmaz.

- Təxribat olmaq ehtimalı var?

- Təxribat olduğunu düşünmürəm. Bəlkə də, bizdə oynayan oyunçuların qohumlarıdı. Belədisə, böyük səhv edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə