Məlum olduğu kimi, bu ilin 12 - 22 may tarixlərində ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. SİA-nın məlumatına görə, İslam Həmrəyliyi İdman Federasiyası 2013-cü ilin iyulunda Oyunların keçirilməsi üçün ev sahibliyini Bakıya verib. "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 20 idman növü və görmə qabiliyyəti olmayanlar üçün cüdo və iki para atletika idman növü üzrə yarışlar keçiriləcək. Onlardan 17-si olimpiya, 3-ü qeyri-olimpiya idman növüdür. Oyunlar zamanı 16 yarış obyekti və yarışların keçirilməyəcəyi 8 obyektdən istifadə ediləcək. Mötəbər idman tədbirində 279 medal dəsti uğrunda mübarizə aparılacaq. Oyunlarda artıq 53 ölkə iştirakını təsdiq edib.
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparılacaq idman növləri haqqında geniş məlumatı oxucularımıza təqdim edirik:
Su idmanı – Suya tullanma – Bakı Su İdmanı Mərkəzi
Kişilər/Qadınlar
4 günlük yarış
8 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 18 May
4 gün sürəcək suya tullanma yarışları çərçivəsində 3 metrlik tramplin, 10 metrlik platforma, sinxronlaşdırılmış 3 metrlik tramplin və sinxronlaşdırılmış 10 metrlik platforma üzrə 8 medal dəsti uğrunda mübarizə aparılacaq.
Su idmanı – Üzgüçülük – Bakı Su İdmanı Mərkəzi
Kişilər/Qadınlar
5 günlük yarış
40 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 13 May
Üzgüçülük Bakı Su İdmanı Mərkəzində tamaşaçıları heyran edəcək iki idman növündən biridir. Kişi və qadın idmançılar 40 yarış növü üzrə qızıl medal uğrunda mübarizə aparacaq.
Su idmanı – Su polosu – Vaterpol Arenası
Kişilər
5 günlük yarış
1 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 13 May
Su polosunda oyunçular üzərək topu rəqiblərin müdafiə etdiyi qapıya atmaq üçün bir-birinə ötürürlər. Kişilərin komandası Vaterpol Arenasında 5 gün ərzində qızıl medal uğrunda yarışacaq.
Atletika və Para Atletika – Bakı Olimpiya Stadionu
Kişilər/Qadınlar
5 günlük yarış
57 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 16 May
Atletlər kəndinin yaxınlığında yerləşən Olimpiya Stadionu 5 gün ərzində atletika və para atletika yarışlarına, habelə Açılış və Bağlanış Mərasimlərinə ev sahibliyi edəcək. Yarışlara orta və uzun məsafələrə qaçış, estafet qaçışı, tullanma və atma (nizə, disk) daxildir.
Basketbol 3x3 – Basketbol Arenası
Kişilər/Qadınlar
4 günlük yarış
2 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 18 May
Basketbol 3x3 (stritbol) son zamanlar dünyada çox böyük məşhurluq qazanıb və şəhərlərdə ən geniş yayılan komanda idman növüdür. Basketbol 3x3 Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının ən möhtəşəm yarışlarından biri olacaq. Yarışda 24 komanda iştirak edəcək. 12 kişi və 12 qadın komandası bu idman növü üzrə təqdim ediləcək medallar uğrunda yarışacaq.
Boks – Kristal Zalı
Kişilər
6 günlük yarış
10 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 12 May
Boks xüsusi forma geyinmiş, qoruyucu əlcəklər, dişlik (qırmızı olmayan) və boks papağı (elit idmançılar istisna olmaqla hamı taxır) taxmış iki nəfərin boks rinqində əvvəlcədən təyin edilmiş müddətdə bir-birinə yumruq atdığı döyüş idman növüdür. Azərbaycanda boks çox məşhurdur. Boks yarışları Xəzər dənizində, Bakı Buxtasında yerləşən Bakı Kristal Zalında keçiriləcək. Yarışlar 6 gün davam edəcək və kişilər üçün 10 çəki kateqoriyasında təşkil ediləcək.
Futbol – Azal Arena, Bayıl Arena, Tofiq Bəhramov adına Respublika Stadionu, Dalğa Arena
Kişilər
6 günlük yarış
1 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 9 May
Dünyanın ən məşhur idman növlərindən biri olan futbol 4-cü İslam Həmrəyliyi Oyunlarının da bir hissəsidir. Futbol yarışlarında 8 kişi komandası qızıl medal uğrunda rəqabət aparacaq. Yarışlar Bakıda yerləşən bir neçə məkanda keçiriləcək. Azərbaycan milli futbol komandasının ənənəvi ev stadionu olan Tofiq Bəhramov adına Respublika Stadionu final qarşılaşmasına, Dalğa Arena yarımfinal oyunlarına, Azal Arena və Bayıl Arena isə qrup mərhələsinin yarışlarına ev sahibliyi edəcək.
Gimnastika – İdman Gimnastikası – Milli Gimnastika Arenası
Kişilər/Qadınlar
3 günlük yarış
12 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 13 May
Gimnastika – Bədii Gimnastika – Milli Gimnastika Arenası
Qadınlar
3 günlük yarış
6 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 12 May
Bakı 2017 İslam Oyunlarında gimnastika yarışları bədii və idman gimnastikasını özündə birləşdirəcək və yarışlar dünya səviyyəli Milli Gimnastika Arenasında keçiriləcək.
Həndbol – "Sərhədçi" İdman Olimpiya Mərkəzi
Kişilər/Qadınlar
6 günlük yarış
2 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 9 May
6 gün ərzində davam edəcək həndbol yarışlarına "Sərhədçi" İdman Olimpiya Mərkəzi ev sahibliyi edəcək. Həndbol hər biri yeddi nəfərdən ibarət iki komandanın topu digər komandanın qapısına vurmaq məqsədilə əlləri ilə bir-birinə ötürdükləri komanda idman növüdür. İdmançılar kişilər və qadınlar üçün yarışlarda qızıl medal uğrunda mübarizə aparacaqlar.
Cüdo və Görmə Qabiliyyəti Olmayanlar üçün Cüdo – Heydər Əliyev adına İdman Arenası
Kişilər/Qadınlar
3 günlük yarış
22 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 13 May
Cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo yarışları 3 gün ərzində Heydər Əliyev adına İdman Arenasında baş tutacaq. Cüdo yarışları kişilər və qadınlar üçün 7 çəki kateqoriyası üzrə, görmə qabiliyyəti olmayanlar üçün yarışlar kişilər üçün 4, qadınlar üçün isə 2 çəki kateqoriyası üzrə təşkil ediləcək.
Karate – Bakı İdman Zalı
Kişilər/Qadınlar
2 günlük yarış
12 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 13 May
Bakı İdman Zalı Oyunlar zamanı bir çox idman növlərinə, o cümlədən iki gün davam edəcək karate yarışlarına ev sahibliyi edəcək. Kişi və qadın idmançılar Kata və Kumite yarışlarında 12 qızıl medal uğrunda mübarizə aparacaq.
Atıcılıq – Bakı Atıcılıq Mərkəzi
Kişilər/Qadınlar
5 günlük yarış
19 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 13 May
Dünya səviyyəli atıcılıq obyekti olan Bakı Atıcılıq Mərkəzində yarışlar 5 gün sürəcək. Yarış iştirakçıları tapança, tüfəng və hava tüfəngi kimi odlu silahları əhatə edən fərdi və komanda yarışlarında mübarizə aparmaq imkanına sahib olacaq. Hədəfdən, məsafədən və idman silahının növündən asılı olaraq hər bir idman növü üzrə bir neçə yarış keçiriləcək.
Stolüstü tennis – "Sərhədçi" İdman Olimpiya Mərkəzi
Kişilər/Qadınlar
6 günlük yarış
4 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 17 May
"Sərhədçi" İdman Olimpiya Mərkəzi kişi və qadın idmançıların 6 gün ərzində fərdi və komanda oyunlarında mübarizə aparacağı stolüstü tennis yarışlarına ev sahibliyi edəcək.
Taekvondo – Bakı İdman Zalı
Kişilər/Qadınlar
3 günlük yarış
16 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 16 May
Bakı İdman Zalı Oyunlar zamanı bir çox idman növlərinə, o cümlədən 16-18 may tarixlərində keçiriləcək taekvondo yarışlarına ev sahibliyi edəcək. Dünyanın ən yaxşı idmançıları arasında yer alan atletlər kişilər və qadınlar üçün hər biri 8 çəki kateqoriyası üzrə olmaqla qızıl medal uğrunda yarışacaqlar.
Tennis – Bakı Tennis Akademiyası
Kişilər/Qadınlar
11 günlük yarış
6 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 12 May
Tennisdə hər bir oyunçu topu torun üzərindən rəqibin meydançasına atmaq üçün tennis raketkasından istifadə edir. Oyunun məqsədi topu elə atmaqdır ki, rəqib onu geri qaytara bilməsin. Topu geri qaytara bilməyən oyunçu rəqibindən fərqli olaraq bal almır.
Bakı 2017-də tennis yarışı əvvəllər də bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Bakı Tennis Akademiyasında baş tutacaq.
Voleybol – Kristal Zalı
Kişilər/Qadınlar
10 günlük yarış
2 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 11 May
Kristal Zalı Azərbaycanın ən məşhur komanda idman növlərindən biri olan voleybola ev sahibliyi edəcək. 10 günlük yarış zamanı müxtəlif millətləri təmsil edən idmançılar kişi və qadınlar üçün yarışlarda qızıl medal uğrunda mübarizə aparacaq.
Güləş – Yunan-Roma güləşi – Heydər Əliyev adına İdman Arenası
Kişilər
2 günlük yarış
8 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 17 May
Güləş – Sərbəst Güləş – Heydər Əliyev adına İdman Arenası
Kişilər/Qadınlar
4 günlük yarış
16 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 19 May
Güləş ən qədim döyüş formalarından biridir. Güləş daha üstün mövqeni əldə edib saxlamağa çalışan iki rəqib və ya sparrinq tərəfdaşı arasındakı fiziki mübarizədir.
Güləşin Olimpiya proqramına daxil edilmiş üç növü var: Yunan-Roma güləşi, sərbəst güləş və qadın güləşi (yəni qadınlar arasında sərbəst güləş) – bütün bunlar Bakı 2017 Oyunlarına daxil edilib. Yarış Heydər Əliyev adına İdman Arenasında təşkil olunacaq.
Uşu – Bakı İdman Zalı
Kişilər
3 günlük yarış
7 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 20 May
Bakı İdman Zalı Oyunlar zamanı bir çox idman növlərinə, o cümlədən 20-22 may tarixlərində keçiriləcək uşu yarışlarına ev sahibliyi edəcək.
Yarış kişilərin uşu-sanda üzrə mübarizəsindən ibarət olacaq. Uşu-sanda ənənəvi uşu texnikalarından yaranmış müasir silahsız döyüş idman növüdür və yumruq, təpik, tullama, güləş və müdafiə texnikalarından istifadə etməyə imkan verir.
Ağır Atletika – Ağır Atletika Akademiyası
Kişilər/Qadınlar
5 günlük yarış
16 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 13 May
İslam Həmrəyliyi Oyunlarında ağır atletika yarışları, şübhəsiz ki, yarışmanın getdiyi 5 gün ərzində çox böyük diqqət cəlb edəcək. Ağır atletika yarışlarında ağırlığın qaldırılmasının iki növü var: sürət, müvazinət və elastiklik tələb edən təkanla qaldırma və daha böyük güc tələb edən tədricən qaldırma. İdmançılar kişi və qadın qruplarının hər biri üzrə səkkiz çəki kateqoriyasına daxil edilir. Ağırlıq qaldırma yarışları Ağır Atletika Akademiyasında keçiriləcək.
Zorxana – Kristal Zalı
Kişilər
3 günlük yarış
12 medal dəsti uğrunda mübarizə tədbiri
Yarışların başladığı tarix: 20 May
Zorxana iki sözdən yaranıb: "zor" güc və ya qüvvət, "xana" isə ev mənasını verir – beləliklə, zorxana Güc və ya Qüvvət Evi deməkdir.
Zorxana yarışları Kristal Zalında 3 gün ərzində keçiriləcək. Yarışlar kişilərin komandalarının və fərdi idmançıların mübarizəsindən ibarət olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB