“Neftçi”nin futbolçusu: "İndi məqsədimiz “dördlük”də yer almaqdı"

“Neftçi”nin futbolçusu: "İndi məqsədimiz “dördlük”də yer almaqdı"

Azərbaycan Premyer Liqasının XVII turunun son oyununda "İnter"in qonağı olan "Neftçi" uzun fasilədən sonra qələbə sevinci yaşayıb. Oyundan sonra "ağ-qaralar"ın yarımmüdafiəçisi Namiq Ələsgərov apasport.az saytının da əməkdaşının suallarını cavablandırıb.

- Qələbə şərhinizi eşitmək istərdik...

- "İnter" çempionatımızın güclü komandalarından biridi. Buna görə də oyunun çətin keçəcəyini gözləyirdik. Meydanda gözlədiyimizlə qarşılaşdıq. Çətin olsa da, fasilədən sonra ilk qələbəmizi qazanmağa müvəffəq olduq. İndi bunun davamını gətirmək lazımdı.

- "Qarabağ" və "Qəbələ" ilə qalmaqallı oyunlardan sonra meydana çıxanda hansı hissləri keçirdiniz?

- "Qəbələ" ilə oyunda da heç-heçə oynamaq şansımız var idi, amma bəzi səbəblərdən bu istəyimiz alınmadı. Ona görə də keçən oyunlar haqda yox, gələcək matçlar barədə fikirləşmək lazımdı.

- Bu cür oyunla komandanızı hansı pillədə görürsünüz?

- İndi məqsədimiz xal ehtiyatımızı artırmaq və "dördlük"də yer almaqdı. Bunun üçün mübarizə aparacağıq.

- Əvvəlki 2 oyunda komandanız kobud hakim səhvlərindən vacib xallar itirdi. Bu dəfə necə, analoji vəziyyətlə üzləşəcəyinizdən ehtiyatlanırdınızmı?

- "Qarabağ" və "Qəbələ" ilə oyunlarda əleyhimizə hakim səhvləri oldu. Fikirləşdik ki, bu dəfə etməzlər. Etmədilər də. Normal idarəçilik oldu.

- Komandada özünüzü necə hiss edirsiniz?

- Təlim-məşq toplanışında iştirak etdim, yoxlama oyunlarında meydana çıxdım. Buna görə də uyğunlaşma baxımından problem yaşamadım. Artıq özümü komandanın bir parçası hesab edirəm.

- Yeni komandanızda qol hesabınızı açdınız. Bu qolun xüsusi yeri varmı?

- Sevindirici haldı. Amma vacib olan komandanın qələbəsidi.

- Ölkə kubokunun oyunlarında "Qarabağ"a qarşı oynamayacağınıza görə heyfslənmirsiniz?

- Çox heyfslənirəm. Komandama kömək etmək istəyirdim, amma...

- Bunu əvvəlcədən bilirdiniz?

- Xeyr, qış fasiləsindən sonra "Qarabağ"a qarşı keçirdiyimiz ilk oyundan əvvəl öyrəndim. Müqavilədə belə bir bənd yoxdu. Bu klub rəhbərləri arasında əldə edilmiş razılıqdı.

- Əvvəlcədən bilsəydiniz, etiraz edəcəkdiniz?

- Etiraz etməyə ehtiyac yoxdu. Rəhbərlik belə qərar veribsə, mən onu yerinə yetirməliyəm.

Bütün xəbərlər Facebook səhifəmizdə