GİN rəsmisi: "Peşəkar idman jurnalistlərinin yetişdirilməsi önəmli faktordur" AÇIQLAMA
"Ölkəmizdə keçirilən mötəbər beynəlxalq yarışların sayı artmaqdadır. Azərbaycan dünyanın ən nüfuzlu idman tədbirlərinə ev sahibliyi edir. Belə tədbirlərin, idmançılarımızın nəticələrinin və idman sahəsinin mükəmməl şəkildə işıqlandırılması üçün peşəkar idman jurnalistlərinin yetişdirilməsi önəmli faktordur". Bunu SİA-ya açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.
Onun sözlərinə görə, idman spesifik sahə olduğundan, buradakı məqamları ictimaiyyətə düzgün çatdırmaq üçün mütləq peşəkar idman jurnalistlərinə ehtiyac duyulur: "Tədbirlərin mahiyyəti, idman sahəsində baş verənlər, idmançıların nəticələrini düzgün təhlil edib, yayımlamaq üçün peşəkarlıq tələb olunur. Məsələn, idmançının yarışda qalib gəlməsi və ya məğlub olmasının səbəblərini düzgün analiz edib, onu geniş ictimaiyyətə mükəmməl təqdim etmək üçün sırf idman sahəsində peşəkar olan jurnalist lazımdır. Bu sahədə çalışan jurnalistlərdə təcrübə ilə yanaşı, nəzəriyyə də güclü olanda peşəkarlıq tamamlanmış olur. Ölkəmizdə idman media orqanlarının və idman tədbirlərinin artıdğını nəzərə alsaq, peşəkar idman jurnalistlərinin yetişdirilməsi üçün ali təhsilin magistratura səviyyəsi üzrə yeni yaradılan "idman jurnalistikası" ixtisası çox önəmli və əhəmiyyətlidir".
Qeyd edək ki, Azərbaycanda ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) sayı artırılıb. Nazirlər Kabineti bununla bağlı "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat"ında dəyişiklik edib.
Dəyişikliyə əsasən Humanitar və sosial ixtisaslar qrupu üzrə jurnalistikada "idman jurnalistikası", Səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə bədən tərbiyəsi və idmanda "idman tibbi və reabilitasiya" ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sırasına daxil edilib. Eyni zamanda bədən tərbiyəsi və idmanda "bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya" ixtisasının isə adı dəyişdirilib, "bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat" ixtisası adlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB