Yeni bombardir müəyyənləşib

Azərbaycan Premyer Liqasının cari mövsümünün yeni bombardiri müəyyənləşib. SİA-nın məlumatına görə, bu, "Qəbələ"nin futbolçusu Filip Ozobiçdir. Xorvatiya milli komandasının da üzvü olan təcrübəli yarımmüdafiəçi həm Premyer Liqanın XVII turunda AZAL ilə oyunda etdiyi dublla 2:0 hesablı qələbədə pay sahibi olub, həm də bombardirlər yarışında vahid liderliyə yüksəlib. Fransalı komanda yoldaşı Baqali Dabo (7 qol) ilə bunadək şərikli lider olan Ozobiç artıq 9 qolla onu qabaqlayaraq birinci pillədə qərarlaşıb. Bu, eyni zamanda 26 yaşlı yarımmüdafiəçinin Azərbaycandakı yarımillik karyerasında ilk dublu olub.

Qeyd edək ki, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında indiyədək nə "Qəbələ"dən bombardir, nə də xorvatiyalı futbolçu ən sərrast oyunçu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə