Elçin Səfərov: “Bakı 2017” əvvəlki İslam Həmrəyliyi Oyunlarından fərqlənəcək” AÇIQLAMA

Elçin Səfərov: “Bakı 2017” əvvəlki İslam Həmrəyliyi Oyunlarından fərqlənəcək” AÇIQLAMA

"Bütün beynəlxalq tədbirlərdə "Grassroots" kimi təbliğat proqramı önəmlidir. Bu gün "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının təbliğat işlərinə start veririk". SİA-nın məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Oyunların təbliğat işləri iki istiqamətdə aparılacaq: "Bakı 2017"nin beynəlxalq və yerli səfirləri var. Onlar incəsənət və idman aləmində öz sözlərini demiş ulduzlardır. Oyunların səfirləri təbliğat layihələri ilə "Bakı 2017"nin yüksək təşkilatçılığına öz töhfələrini verəcəklər. Aprel ayından təkcə Bakıda deyil, Azərbaycanın 21 regionunda tədbirlərə başlanılacaq. Bu tədbirlər açılış mərasiminin startı kimi olacaq. Bu, bizim qarşımızda duran ən böyük təbliğat proqramıdır. Yerli ulduzların müxtəlif rayonlarda və Bakının müxtəlif yerlərində gənclər və könüllülərlə tədbirləri də nəzərədə tutulub. Bu işlər "Bakı 2017" haqqında məlumatların çatdırılmasında çox böyük rol oynayacaq".

E.Səfərov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının əvvəlki İslam Həmrəyliyi Oyunlarından fərqi haqqında da danışıb: "Bakı 2017" əvvəlki İslam Həmrəyliyi Oyunlarından fərqlənəcək. Bu fərq ilk növbədə iştirakçı ölkələrin sayına görə olacaq. Belə ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında artıq 50-dən çox ölkə öz iştirakını təsdiq edib. Əvvəlki İslam Həmrəyliyi Oyunlarında bu qədər ölkə iştirak etməyib. İdmançıların sayı, atletlər və jurnalistlərə yaradılan şərait, jurnalistlərlə idmançıların bir sahədə görüşməsi və onlardan rahat müsahibələr alması, bizim qonaqlara hazırladığımız mədəni-kütləvi tədbirlər də "Bakı 2017"ni öncəki İslam Həmrəyliyi Oyunlarından fərqləndirəcək. "Bakı 2015" I Avropa Oyunlarının Atletlər Kəndi ən yaxşı Atletlər Kəndi seçilmişdi. "Bakı 2017"nin Atletlər Kəndi ondan da yaxşı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə