Azərbaycan Qran-Prisinin marşallarının seçimi və hazırlığı RƏQƏMLƏRLƏ - REPORTAJ
Məlum olduğu kimi, Formula 1 yarışlarında ən önəmli sahələrdən biri marşalların fəaliyyətidir. Marşallar bu yarışların düzgün təşkilində önəmli rol oynayırlar.
2016-cı ildə Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran-Prisində böyük əksəriyyəti Azərbaycandan olan marşallar işlərini yüksək səviyyədə qurdular və heç bir səhvə yol vermədilər. Bu da Qran-Prinin yüksək təşkilatçılığının nümunələrindən biridir.
Bu ilin iyun ayında baş tutacaq Azərbaycan Qran-Prisinin marşalları da yarışa sürətlə və yüksək səviyyədə hazırlıq keçirlər. Qran-Prinin marşallarının seçimi və hazırlığını ötən il olduğu kimi bu il də Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Bakı Marşal Klubu (BMK) həyata keçirir.
BMK-nın layihələr və kommunikasiya üzrə koordinatoru Vüsal Bəkirovun SİA-ya verdiyi məlumatlar əsasında marşalların seçimi və hazırlıq işlərinin əsas məqamlarını rəqəmlərlə təqdim edirik:
5
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində yaradılmış Bakı Marşal Klubu ötən ilin dekabr ayının 5-dən marşalların seçiminə start verib. Müraciətlər BŞH-nin rəsmi saytı - www.bakucitycircuit.com vasitəsilə elektron qaydada qəbul olunur. Marşal olmaq istəyən hər bir şəxs bu saytda qeydiyyatdan keçərək, ərizə formasını doldurub müraciət edə bilər. Müraciətdən sonra həmin şəxslər müsahibə mərhələsinə dəvət edilir. Müsahibəni uğurla başa vuranlar təlim mərhələsinə qoşulurlar. Rollar üzrə təlimlərdən sonra marşallar xüsusi lisenziya ilə təmin olunub, Formula 1 yarışında iştirak edirlər.
2, 30, 600
Marşal ərizə sisteminə hazırda ölkə daxilindən 2 minə yaxın müraciət olunub. Yerli müraciətlərlə yanaşı, 30-dan çox ölkədən 600-ə yaxın xarici müraciətlər də var. Ötən il olduğu kimi, bu il də xaricdən qoşulmaq istəyən marşalların sayı çoxdur. Ancaq xarici marşallar Azərbaycan Qran-Prisinə müəyyən limit çərçivəsində dəvət ediləcəklər. Onlar da ərizə sistemindən qeydiyyatdan keçirlər.
200
Ötən il Bakıda keçirilən Avropa Qran-Prisində olduğu kimi, bu il də Bəhreyndən bir qrup marşalların iştirakı nəzərdə tutulub. Bəhreyn heyəti 10 ildən artıqdır Formula 1 yarışlarını təşkil edir. Onların təcrübəsindən yararlanmaq üçün Bəhreynin təlimçiləri də marşalların hazırlıq prosesinə cəlb olunub.
Qeyd edək ki, Formula 1 yarışlarını təşkil edən ölkələrin marşal klublarından müraciət edən marşallara da Azərbaycan Qran-Prisində iştirak imkanı yaradılacaq. Xaricdən iştirak edəcək marşalların sayı 200 nəfəri keçməyəcək.
1300

Ümumilikdə bu il Formula 1 üzrə Azərbaycan Qran-Prisi yarışında 1300 nəfərə yaxın marşalın iştirakı nəzərdə tutulub.
21
Marşalların xüsusi seçim kriteriyaları var. Bu kriteriyalara görə, namizədin yaşı 21-dən yuxarı olmalı və ingilis dilini başa düşülən səviyyədə bilməlidir. Çünki Azərbaycan Qran-Prisində yerli marşallarla yanaşı, xarici marşallar da fəaliyyət göstərəcək. Ünsiyyət üçün ingilis dili biliyi arzuolunandır, ancaq mütləq deyil.
1200
Ötən il Azərbaycanda keçirilən Avropa Qran-Prisi yarışında 1200-dən çox marşal iştirak edib. Onların böyük əksəriyyəti Azərbaycandan olub. Bu il də Azərbaycan Qran-Pri yarışında iştirak etmək istəyən həmin marşallara Bakı Marşal Klubunun üzvü kimi şərait yaradılıb. Bəzi səbəblərə görə bu il iştirak edə bilməyəcək marşalların yerlərinə isə seçimlər elan edilib. Bu il marşalların sayı az faizdə artacaq.

3
BMK Azərbaycandan olan marşallara təcrübə baxımından tək ölkəmizdə təşkil olunan yarışlarda yox, dünyanın müxtəlif ölkələrində təşkil olunan Formula 1 yarışlarında iştirak etmək imkanı yaradır. Təsadüfü deyil ki, BMK-nın marşalları 3 ölkədə - BƏƏ, Bəhreyn və Amerikada təşkil olunan bir neçə Formula 1 üzrə Qran-Pri yarışlarında iştirak ediblər. Onlar bu yarışlarda təcrübə əldə ediblər. Hazırda BMK dünyanın bir çox marşal klubları ilə əlaqədədir. Onlarla yazışmalar aparılır. Həmin marşal klubları BMK-ya müraciət etdikləri kimi, BMK da yarışları təşkil edən ölkələrin marşal klublarına müraciətlər göndərib. Yaxın zamanlarda marşallarımızın müxtəlif Qran-Prilərdə iştirakına şərait yaradılacaq.
2
Məlumdur ki, marşalların fəaliyyət istiqamətləri genişdir - bayraq, yanğınsöndürmə, təxliyyə, tibbi, trek marşalları və s. Hər bir sahəyə uyğun olaraq xüsusi təlimlər təşkil olunur. Ötən ilki yarışda 2 nazirliyin - Fövqəladə Hallar və Səhiyyə Nazirliklərinin əməkdaşları yanğınsöndürmə, təxliyyə və tibbi marşal qismində iştirak ediblər. Bu il də hər iki nazirliyin əməkdaşlarının təcrübəsindən yararlanılacaq. Ancaq yanğınsöndürmə və ya xilasetmə marşalı kimi iştirak etmək istəyən digər marşallara da yarışa qoşulmaq üçün şərait yaradılacaq. Adıçəkilən hər iki nazirliyin əməkdaşları da bu il marşal qismində yarışın təşkilinə öz töhfələrini verəcəklər.
Qeyd edək ki, hər bir marşal beynəlxalq lisenziya ilə təmin olunur. Ölkəmizdə beynəlxalq lisenziya Azərbaycan Avtomobil Federasiyası tərəfindən verilir. Hər bir marşal xüsusi təlimlərdən sonra sertifikat alması üçün ümumi yoxlanışdan keçir. Yoxlanışdan sonra onlar lisenziya ilə təmin olunurlar. Tibbi marşalların isə təlimlərdən sonra xüsusi imtahanları olur. İmtahandan uğurla keçmiş şəxslər tibbi marşal kimi fəaliyyət göstərmək üçün lisenziya alırlar.
Xatırladaq ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisi bu il iyun ayının 23-24-25-də təşkil olunacaq.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB