Azərbaycan Qran Prisinin tikintisində hansı yeniliklər olacaq? REPORTAJ - SƏS TV

Azərbaycan Qran Prisinin tikintisində hansı yeniliklər olacaq? REPORTAJ - SƏS TV

2017-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisinin tikinti-quraşdırma işlərinin başlanmasına az bir müddət qalıb. Dünyada ən dar döngələrə malik olan Bakı Şəhər Halqası bütün Formula 1 azarkeşləri üçün həyəcanverici treklərdəndir. Dünyanın diqqət mərkəzində olan yarışın trekində və onun ətrafında hansı yeniliklərin olacağı hər kəsi maraqlandırır.

Azərbaycan Qran Prisinin hazırlıq işləri, tətbiq olunacaq yeniliklərlə bağlı "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçerə müraciət etdik.

Tikinti-quraşdırma işlərinə nə zaman start veriləcək?

Tikinti-quraşdırma işlərinə fevral ayının sonundan başlayacağıq. May ayının sonunadək trekin bütün işlərini yekunlaşdırmaq nəzərdə tutulub. Biz hazırlıq işlərini Bakı Şəhər İcra Hakimiyyəti, müvafiq dövlət orqanları və Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçiririk. Trekin hazırlanması üçün ötən il alınan avadanlıqlardan istifadə olunacaq. Növbəti illərdə də bu vasitələrdən yararlanacağıq.

Bakı Şəhər Halqasının quraşdırma işlərində hansı yeniliklər olacaq?

Bu il bəzi kiçik dəyişikliklər planlaşdırılır. Bu dəyişikliklər birbaşa sakinlər və azarkeşlərin daha rahat hərəkəti və əyləncəsi üçün nəzərdə tutulub. Xəqani küçəsi ilə kəsişmədə piyadalar üçün əlavə körpü inşası planlaşdırılır. Bu, piyadaların rahat şəkildə hərəkəti üçün daha geniş imkan yaradacaq. Əyləncə tədbirləri, yarışkənarı digər fəaliyyətlərdə də kiçik dəyişikliklər tətbiq olunacaq. İşimizi elə qurmağa çalışırıq ki, şəhərin gündəlik həyatına çox təsir göstərməsin. Ötən il əyləncə tədbiri çox yüksək səviyyədə təşkil olunduğundan bu il iştirakçıların və turistlərin artacağı gözlənilir. Ona görə, hazırlığımızı buna uyğun şəkildə aparırıq.

Yarış trasında dəyişikliklər olacaq?

Yarış trasında heç bir dəyişiklik olmayacaq. Tras ötənilki kimi qalacaq. Trekin spesifikasiyası, göstəriciləri və xüsusiyyətlərini Beynəlxalq Avtomobil Federasiyası təyin etdiyinə görə Formula 1-in yeni rəhbərliyinin bununla bağlı fikir bildirəcəyini düşünmürük.

Onu da qeyd edim ki, bu ilki Qran Pridə ən böyük dəyişiklik yarışın adının 2017 Formula 1 Azərbaycan Qran Prisi olmasıdır. "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti Formula 1 rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində yarışın adının dəyişdirilməsinə nail olub.

Formula 1 bolidlərinə edilən dəyişikliklər pilotların dünyada ən dar döngələrə sahib olan Bakı Şəhər Halqasında yarışmasına təsir edəcək?

Pilotlar bu dəyişikliklərdən sonra daha diqqətli olmalıdırlar. Dəyişikliklərdən sonra bolidin yerə sıxma qüvvəsi artacaq. Bununla bağlı qarşılıqlı müzakirələr aparılır. Ancaq trekdə hər hansı dəyişiklik olmayacaq. Bakı Şəhər Halqası dünyanın ən maraqlı və həyəcanverici trekidir.

Bakı Şəhər Halqası uzunluğuna görə dünyada ikinci yerdədir

Qeyd edək ki, Bakı Şəhər Halqasının uzunluğu 6 km-dir. Trek uzunluğuna görə dünyada ikinci yerdədir. Layihənin müəllifi bütün müasir Formula 1 treklerinin memarı olan Herman Tilkedir. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətindədir. Trasın ən geniş yeri 13 metr, ən dar hissəsi isə İçəri Şəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edir. Start və Finiş xətti, Formula 1 Paddok Klubu, komandaların boksları və pit-leyn Azadlıq meydanındadır.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə