Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mərkəzi ofisində könüllülük fəaliyyətinə dair yeni qurulan akademiyanın açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, 2017 Formula1 Azərbaycan Qran-Prisinin rəsmi elçisi, əməkdar artist Tünzalə Ağayeva, bu yarışın könüllülər proqramı üzrə rəsmi elçisi, müğənni Miri Yusif və bir sıra rəsmilər iştirak ediblər.
Mərasimdə çıxış edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan Resursları şöbəsinin və yeni təsis olunmuş akademiyanın rəhbəri İranə Əhmədova BŞH Akademiayasının açılmasında əsas məqsədin Azərbaycanda keçirilən Formula 1 yarışlarının təşkilatçılığında iştirak edəcək könülllülərin hazırlığını daha peşəkar səviyyədə reallaşdırmaq olduğunu bildirib.
Gənclər və idman naziri Azad Rəhimov könüllülərin hazırlığı prosesinə cəlb olunan kadrların hamısının yerli mütəxəssislər olduğunu qeyd edib: "Gənclər arasında könüllülüyə olan marağın durmadan artması bizdə sevinc və fərəh hissi oyadır. İstər IV İslam Həmrəyliyi Oyunları, istərsə də, Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin hazırlığı prosesinə cəlb olunan mütəxəssislərin hamısı yerli kadrlardır ki, onların böyük bir qismi əvvəlki yarışlarda könüllü olaraq fəaliyyət göstəriblər. Bizim üçün böyük önəm kəsb edən əsas məqam ondan ibarətdir ki, iri miqyaslı idman tədbirlərinə cəlb olunan gənclərə yüksək təşkilatçılıq bacarıqları qazandırmaqla yanaşı eyni zamanda onların gələcək şəxsi inkişafı yüksək səviyyədə öz əksini tapsın".
Təhsil naziri Mikayıl Cabbarov isə bildirib ki, qarşıya qoyulan əsas məqsəd ölkənin gələcəyi üçün yüksək keyfiyyətlərə malik gənc nəsil hazırlamaqdır: "Bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifəmizdir".
Daha sonra çıxış edən 2017 Formula1 Azərbaycan Qran-Prisinin rəsmi elçisi, əməkdar artist Tünzalə Ağayeva qeyd edib ki, akademiyanın könüllülərin yarışa hazırlığına böyük qatqısı olacaq.
Qeyd edək ki, bu ilin 23-25 iyun tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran-Prisində 3 min könüllünün iştirakı nəzərdə tutulub. Könüllülər proqramına müraciətlərin qəbulu hazırda davam edir və bu proses fevralın sonunda başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB