Azad Rəhimov: "IV İslam Həmrəyliyi Oyunlarının nəqliyyat sistemi fərqli olacaq" AÇIQLAMA
"Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının hazırlığı yüksək səviyyədə davam edir. Oyunların nəqliyyat sisteminin hazırlığına yekun vurulmalıdır. Bu çox vacib bir sistemdir". SİA-nın məlumatına görə, bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarının nəqliyyat sistemi "Bakı-2015" I Avropa Oyunlarının nəqliyyat sistemindən fərqli olacaq: "Ölkəmizdə keçirilən I Avropa Oyunlarında nəqliyyat məsələləri üçün çoxlu avtobuslar sifariş olunmuşdu. İndi biz başqa sistemdən istifadə edəcəyik. Yeni sistem daha ucuz və daha əlverişli olacaq. Əsas odur ki, idmançılar tam şəkildə razı qalsınlar və yarış məkanlarına vaxtında çatdırılsınlar. Bu istiqamətdə işlər davam edir".
O bildirib ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının hazırlıq işləri plana uyğun olaraq aparılır: "Bütün komplekslərdə avadanlıqlar var. Çatmayan avadanlıqlar isə artıq sifariş olunub. Hər hansı problem yoxdur. Əsas məqsədimiz 57 islam ölkəsinin hamısının Bakıdakı Oyunlarda iştirak etməsi və bizim bu rekorda da imza atmağımızdır. Artıq 50 ölkədən tam təsdiq cavabı almışıq. Qalan 7 ölkə bəzi səbəblərə görə hələ ki, gələ bilmir. Onların bəzilərinin maliyyə məsələlərində problemlər var. Biz çalışırıq ki, onları da bu Oyunlara cəlb edək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB