Elçin Səfərov: “IV İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq” AÇIQLAMA

Elçin Səfərov: “IV İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq” AÇIQLAMA

"Aparıcı universitet və təşkilatlardan 12 500-dən artıq könüllü Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə qeydiyyatdan keçib. Onlardan 8 000-ni könüllü kimi fəaliyyət göstərməsi üçün seçilməlidir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının korporativ direktoru Elçin Səfərov deyib.

O qeyd edib ki, "Bakı-2017"nin başlanmasına qalan 100 gün ərzində nəqliyyat planı, idman qurğuları hazırlanmalıdır. E.Səfərov vurğulayıb ki, əvvəllər beynəlxalq yarışların keçirilmədiyi idman qurğularında texniki quraşdırma işləri tamamlanmalıdır.

Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq: "Biletlərin satışının eynilə I Avropa Oyunlarında olduğu kimi həyata keçirilməsi nəzərdə tutulub. Satışa Novruz bayramından etibarən başlanılacaq. "Bakı-2017"nin açılış və bağlanış mərasimləri üçün biletlər də bu tarixdə satışa çıxarılacaq. Yarışlara biletlərin qiymətləri 2 manatdan başlayacaq. Ən bahalı biletin qiyməti 5 manat olacaq. Açılış mərasimi üçün biletlərin qiyməti 20 manatdan, bağlanış mərasimi üçün isə 10 manatdan başlanacaq. Azərbaycanda baş vermiş devalvasiyaya baxmayaraq biletlərin qiymətləri artırılmayıb. Bu addımı "Bakı-2017"ni daha çox azarkeşin izləməsi üçün atmışıq. Bletləri onlayn şəkildə almaq da mümkündür".

E.Səfərov bilet satışının tərəfdaş supermarketlərdə də təşkil ediləcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə