IV İslam Həmrəyliyi Oyunlarına geriyə sayım başladı FOTO

IV İslam Həmrəyliyi Oyunlarına geriyə sayım başladı FOTO

Bu ilin may ayının 12-22-də Bakıda keçiriləcək və 300-dən artıq oyun təşkilatçısını bir araya gətirəcək IV İslam Həmrəyliyi Oyunlarına bu gündən etibarən 100 gün vaxt qalıb. SİA-nın məlumatına görə, Oyunların açılış mərasiminə qədər qalan bu əlamətdar günü qeyd etmək məqsədi ilə Bakı Kristal Zalında 300 könüllü bir araya gəlib. Könüllülər geriyə sayımla bağlı "Oyunlara 100 gün qaldı" başlıqlı fleşmob təşkil ediblər. Fleşmobun məqsədi gənc və fəal insanları bir araya toplamaq və IV İslam Həmrəyliyi Oyunları barədə ictimaiyyəti daha geniş şəkildə məlumatlandırmaqdır.

"Bakı 2017"nin Korporativ direktoru Elçin Səfərov Oyunlara 100 gün qalması ilə bağlı fikirlərini bildirib: "Bu yaz Azərbaycan tarixin hadisəsi olacaq IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Oyunların keçiriləcəyi 10 gün ərzində Azərbaycanımız idmanın 20 növündə 24 sahə üzrə yarışacaq İslam Əməkdaşlıq Təşkilatının elit idmançılarını, atletlərini salamlayacaq".

Elçin Səfərov eyni zamanda qeyd edib ki, böyük tədbirlərin təşkilini könüllülərin köməyi olmadan təsəvvür etmək mümkün deyil: "İki aylıq qeydiyyat dövrü müddətində ölkənin aparıcı universitetlərindən və təşkilatlarından olan 12500-dən artıq namizəd Oyunlara dəstək göstərmək məqsədi ilə qeydiyyatdan keçib. Gözləntilərimizi ötüb keçən rəqəm sayı, gənclərin Azərbaycanın tanıtımı, iri həcmli yarışların bir parçası olması istəyindən irəli gəlib ki, bu da bizim üçün çox sevindirici və qürurverici haldır".

"Bakı 2017"nin könnülü səfiri Mahmud Sofiyev Oyunların onlar üçün tarixi hadisə olduğunu bildirib: "Azərbaycanımız üçün tarixi əhəmiyyət daşıyan bu Oyunların bir parçası olmaq bizim üçün qürurvericidir. Təşkilat Komitəsinə bizə yaratdıqları bu imkana görə dərin təşəkkürümüzü bildirirk. "Bakı-2015" Avropa Oyunları könülləri ilə ünsiyyət qurduğumuz zaman onların ruh yüksəkliyi, biliyi, geniş dünya görüşləri, yumor hissinə sahib olmaları, ən ümdəsi isə Oyunlarla bağlı xoş xatirələri bizdə də ruh yüksəkliyi yaradır. Əcnəbi qonaqların məhz bir çox könüllülərin simasında Azərbaycana vurğunluqları isə bir gənc olaraq bizdə qürur hissi yaradir".

Qeyd edək ki, növbəti həftələrdə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsi cəmiyyəti ardıcıl olaraq biletlərin qiymətləri və idman yarışlarının cədvəli barədə məlumatlandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə