Formula 1 azarkeşləri Bakı Şəhər Halqasına səfər etməyi səbrsizliklə gözləyirlər
2017-ci ilin yayında təşkil olunacaq Formula 1 Azərbaycan Qran Prisi üçün endirimli erkən bilet satışının müddəti sona çatmaq üzrədir və həm ölkə daxilində, həm də ölkə xaricində bu yarışlara olan maraq gündən-günə artmaqdadır. SİA-nın verdiyi məlumata görə, son altı həftə ərzində biz bütün dördgünlük biletlərə 30%-dək endirimlər tətbiq etmişik. Bu xüsusi qiymət təklifinin yanvarın 31-də sona çatacağını nəzərə alaraq, gözəl şəhərimizə səfər etmək istəyən bütün azarkeşləri gecikmədən bu təklifdən faydalanaraq endirimli qiymətə bilet əldə etməyə çağırırıq.
Ardıcıl olaraq ikinci dəfə ölkəmizdə təşkil olunan F1 yarış həftəsonuna hazırlıq işlərinin tam sürətlə irəlilədiyi bir zamanda, fürsətdən istifadə edərək, bu yay Bakıya səfər etməyi planlaşdıran bütün qonaqlara və azarkeşlərə öz təşəkkürümüzü bildiririk. Eyni zamanda onu qeyd etmək istərdik ki, F1 yarışlarının daha da yaddaqalan olmasında azarkeşlərin rolu əvəzolunmazdır. Siz azarkeşlər olmasanız, F1 yarışları da olmaz!
Bunu nəzərə alaraq, azarkeşlərimizlə daha yaxından tanış olmaq və onların F1 yarışlarına olan marağı, yarışların keçiriləcəyi məkanda görmək istədikləri məqamlar və səfər edəcəkləri ölkələr barədə verdikləri qərarda hansı faktorların rol oynadığı barədə söhbət açmaq istəyirik. Bu məqsədlə, 2017 Formula1 Azərbaycan Qran Prisində iştirak etmək üçün ilk bileti əldə edən xarici qonağımız Stiv Pritçard ilə həftənin ilk günlərində söhbət edərək, ondan 2017-ci il Formula 1 mövsümündə nə üçün Bakıda təşkil olunacaq yarış həftəsonunda iştirak etmək istədiyini öyrəndik:
1. Salam Stiv. 2017 Formula 1 Azərbaycan Qran Prisinin ilk biletini əldə edən şəxs olduğunuz üçün sizi təbrik edirik. Nə üçün bu il məhz Bakıya gəlməyə qərar verdiniz?
2017-ci il Qran Prisində iştirak etməyi keçən ildən planlaşdırsam da, hansı ölkəyə gedəcəyimə qərar verməmişdim. Daha əvvəllər heç olmadığım bir ölkəyə səfər etməyi arzulayırdım. Bakıda keçirilmiş 2016 Formula 1 Avropa Qran Prisinə baxarkən, həyat yoldaşım şəhərin gözəl olduğunu qeyd etdi və mənim 2017-ci ildə həmin şəhərə getmək istədiyimlə maraqlandı.
2. Bilet satışlarının başlandığı barədə necə xəbər tutdunuz?
Mən @BakuCityCircuit tvitlərini izləməklə yanaşı, yarışın təşkilatçısı ilə email vasitəsilə əlaqə saxlayaraq biletlərin nə zaman satışa çıxarılacağı ilə maraqlanmışdım.
3. Maraqlıdır, siz necə və nə üçün biletlərinizi bu qədər erkən əldə etməyə qərar verdiniz?
Yarışın təşkilatçısından aldığım emaildə qeyd olunmuşdu ki, azarkeşlər bilet sifariş edərkən istəklərinə uyğun olaraq, əsas tribunanı seçmək imkanı əldə edəcəklər. Odur ki, bileti erkən sifariş vermək və istədiyim trubunada yer seçimi etmək imkanından faydalanmaq üçün cəhd göstərirdim. Qeyd olunmuşdu ki, biletlər yerli vaxtla günorta 12-də satışa çıxarılacaq, bu isə Birləşmiş Krallığın vaxtıyla səhər saat 8 idi. Onlayn bilet satışı bir qədər gecikmə ilə saytda yerləşdirilənə qədər mən saytı açıq saxlamışdım, dəqiqəbaşı F5 yeniləmə düyməsini sıxaraq saytı izləyirdim və ilk fürsətdə bilet sifarişimi verdim.
4. Bakıda olarkən nələrlə tanış olmaq və nəyi təcrübədən keçirməyi düşünürsünüz?
Səfər müddətim kifayət qədər məhduddur, odur ki ətraflı tədqiq etmək imkanım olmayacaq. Amma düşünürəm ki, yerli mədəniyyətlə və mənzərələrlə tanış olmaq, həmçinin, F1 və GP2 seriyalı yarışları izləmək və həftəsonu ərzində təşkil olunacaq konsert proqramlarına tamaşa etmək fürsətim olacaq.
5. Səfər etməmişdən öncə Bakı şəhəri haqqında geniş məlumat əldə edə bilmisinizmi?
Bəli, Bakı və Azərbaycan haqqında xeyli araşdırma aparmışam. Bu yaxınlarda sadələşdirilmiş VİZA prosesi haqqında məlumatdan başlamış, istifadə edəcəyim mobil operator, qalacağım otelə ən yaxın mağaza ilə yanaşı, ölkəninin tarixi və bu ölkəyə səfərlə bağlı faydalı məsləhətlər əldə etmişəm.
6. Siz daha əvvəllər şəhər treklərində iştirak etmisiniz?
Bəli, şadam ki, 2012-ci ildə Sinqapur Qran Prisində iştirak etməyə müvəffəq olmuşam.
7. Həmin yarışdan başqa digər F1 yarışlarında iştirak etmisinizmi?
Əvvəllər bir neçə dəfə Britaniya Qran Prisində, qeyd etdiyim kimi, Sinqapur Qran Prisində, Macarıstan, İtaliya və iki dəfə Abu-Dabi Qran Prisində olmuşam.
8. F1 yarışlarının yeni məkanlarda təşkil olunmasına münasibətiniz necədir?
Düşünürəm ki, F1-in öz tarixi treklərində keçirilməsi zərurudir, bununla belə, məsələn Almaniyanın Qran Prini davamlı olaraq keçirə bilməməsi təəssüf doğurur. Eyni zamanda, F1 yarışlarının yeni ölkələrdə təşkil olunması F1 platformasını genişləndirməklə yanaşı, yeni məkanların dünyaya tanıdılmasında böyük rol oynayır. Məsələn, Sinqapur və ya Abu-Dabidə həftəsonu Qran Pri yarışları keçirilməsəydi, yəqin ki, mən o ölkələrə səfər etməzdim.
9. F1 yarış həftəsonun yeni bir şəhərdə keçirilməsi sizin üçün nə dərəcədə özünəməxsus rol oynayır?
Sadiq bir F1 azarkeşi kimi qeyd edə bilərəm ki, hər bir yarış həftəsonu həyəcanvericidir, lakin şəhər treklərinin özünəməxsus cəhəti odur ki, Formula 1 trekindəki yarışların həyəcanı şəhərdəki bayram ab-havasına qarışır. Mənim Bakıda qalacağım otel trekin daxilində olduğu üçün bu tədbiri daha yaxından izləmək fürsətini səbirsizliklə gözləyirəm. Həmçinin, tamaşaçılara məlum olan ənənəvi treklərdən fərqli olaraq F1-in "yeni" trekləri ətrafında yarış həftəsonunu daha da rəngarəng etmək üçün müxtəlif əlavə tədbirlər, məsələn, konsertlər təşkil olunur.
10. Hansı komanda və/və ya pilotu dəstəkləyirsiniz?
Mən Luis Hamiltona azarkeşlik edirəm və odur ki, Mercedes komandasını dəstəkləyirəm (Fikrimcə, bu il Luis və Valtteri arasında maraqlı mübarizənin şahidi olacayıq!), bununla yanaşı, Williams komandasına da rəğbət bəsləyirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB