2016-2017-ci il mövsümünün hazırlığını Türkiyədə davam etdirən "Qəbələ" futbol klubunun əvəzedicilərdən ibarət komandası ilk yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, baş məşqçi Hüseynqulu Quliyevin yetirmələri Albaniyanın "Partizani" klubunun əsas komandası ilə qarşılaşıblar.
Albaniyanın 15 qat çempionu və ötən mövsümün vitse-çempionu ilə görüşün ilk yarısı məhsuldar alınıb. Komandalar fasiləyədək qapılara 7 qol vurublar. Daha təcrübəli olan Tirana klubunun futbolçuları ilk 5 dəqiqədə iki dəfə fərqlənməyi bacarıblar. "Qəbələ" hissənin ortalarında buraxılan 3-cü qoldan sonra rəqib qapısına yol tapıb. Rövlan Muradov fərqi azaldıb – 1:3. Bundan 3 dəqiqə sonra "Partizani" fərqi yenidən artırmağı bacarıb. "Qırmızı-qaralar" Nurlan Quliyevin 39-cu dəqiqədəki qolu ilə yenidən fərqi iki topa endirsə də, albaniyalılar fasiləyədək növbəti dəfə qol sevinci yaşayıblar – 5:2. Oyunun gedişində komandamızda bir sıra futbolçu dəyişiklikləri gerçəkləşib.
Fasilədən sonra matçdakı məhsuldarlıq da aşağı düşüb. İkinci 45 dəqiqədə yalnız bir qol vurulub. Final fitinə 2 dəqiqə qalmış tiranalılar fərqləniblər – 6:2.
Xatırladaq ki, Türkiyədəki təlim-məşq toplanışına yanvarın 14-də start verən əvəzedicilər daha iki yoxlama oyununda qüvvələrini sınayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB