"Bakı İdman Sarayında keçirilən güləş üzrə Azərbaycan çempionatı yüksək səviyyədə təşkil olunub. Azərbaycan Güləş Federasiyası (AGF) idmançılar üçün bütün lazımi şəraiti yaradıb. Çempionatda çəki dərəcələri üzrə yüksək rəqabət müşahidə olunur". Bunu SİA-ya açıqlamasında güləş üzrə gənclərdən ibarət milli komandanın böyük məşqçisi Şaban Donat deyib.
O qeyd edib ki, yarışda favorit idmançılar ümidləri doğruldublar: "Rafiq Hüseynov, İslam Abbasov, Orxan Nuriyev kimi idmançılarımız finala qədər irəliləməklə öz sözlərini dedilər. Medal gözlədiyimiz güləşçilərlə yanaşı, çempionatda yaxşı idman mübarizəsi sərgiləyən digər idmançılarımız da oldu. Onlar finala vəsiqə qazanmasalar da məşqçilərinin diqqətini cəlb edə bildilər. Qalib gələnlərin çoxu isə yığma komandada hazırlıq keçən idmançılardır".
Ş.Donat güləşçilərimizi qarşıda Dünya Kuboku, ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları, Avropa çempionatı kimi önəmli yarışlar gözlədiyini bildirib. Böyük məşqçi hazırlıq keçmək üçün bir çox xarici ölkələrdən təkliflər gəldiyini qeyd edib: "Hazırda məşqlər Bakıda təşkil olunacaq. Ancaq xarici ölkələrdə gələn təkliflərdən də dəyərləndiriləcək".
Qeyd edək ki, çempionatda çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığmasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB