Dəmiryolçular 2016-cı ildə görülən işləri müzakirə etdilər FOTOLAR

Dəmiryolçular 2016-cı ildə görülən işləri müzakirə etdilər FOTOLAR

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili ərəfəsində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 2016-cı ilin yekununa olunmuş yığıncaq keçirilib. SİA-nın məlumatına görə, yığıncaqda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, qurumun digər rəsmiləri və dəmir yolçular iştirak ediblər.

Tədbiri giriş sözü ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açaraq, iştirakçıları, onların şəxsində bütün xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2017-ci il münasibətilə ürəkdən təbrik edib, dəmir yolunda çalışan insanlara möhkəm can sağlığı, uzun ömür, xoş güzəran diləyib: "Təqvimdə bir çox əlamətdar günlər var. Ölkəmizin yaxın və uzaq keçmişinin müəyyən məqamlarını özündə əks etdirən bu tarixi günləri yaşatmaq olduqca gərəklidir. Çünki həmin günlərdə Azərbaycan tarixinin hansısa mühüm anı yaşayır. Onlardan biri də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu bayramın elan olunması bizim yaxın tariximizdə baş verib. Ümummilli Lider Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən ilk dəfə, 16 dekabr 1991-ci il tarixli Sərəncamı ilə 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik bayramı elan edib, sonra isə bu tarix bütün Azərbaycan xalqının, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızın milli bayramına çevrilib".

Sonra C. Qurbanov 2016-cı il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın Bakı-Tbilisi-Qars, "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonda yeni il ərəfəsində 27 dəmiryolçuya yeni mənzillərin açarları, bir qrup gənc dəmiryolçuya Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə