Nazir: "2016-cı ildə 837 medal qazanılıb" SƏS TV

Nazir: "2016-cı ildə 837 medal qazanılıb" SƏS TV

Bu gün Gənclər və İdman Nazirliyində ilin yekunları ilə bağlı hesabat xarakterli mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfranda nazir Azad Rəhimov iştirak edib.

O, 2016-cı ilin Azərbaycan idmanı üçün uğurlu məqamlarla yadda qaldığını bildirib. Nazir qeyd edib ki, il ərzində ölkəmizdə 203 respublika, 52 beynəlxalq yarış keçirilib: "Bu il 198 beynəlxalq yarışlarda ölkə yığma komandamızın iştirakı təmin olunub. İl ərzində dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 297 qızıl, 250 gümüş və 290 bürünc medal (ümumilikdə 837 medal) qazanılıb. İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışlarında iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə Azərbaycanda paralimpiya idmanının inkişafında xidmətlərinə görə 1 nəfər "Dostluq" ordeni , 1 nəfər Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdü, 1 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə", 12 nəfər "Tərəqqi" medalı, 20 nəfər isə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif edilib.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlərə görə, 2 nəfər "Şöhrət" ordeni, 1 nəfər 1-ci dərəcəli "Vətənə xidmətə görə", 2 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə", 5 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə, 18 nəfər "Tərəqqi" medalı, 16 nəfər "Azərbaycan Respublikasının Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub.

XV Paralimpiya Oyunlarının nəticələrinə görə, 2 nəfər "Şöhrət" ordeni, 1 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə", 8 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri , 9 nəfər "Tərəqqi" medalı, 1 nəfər isə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif edilib".

Nazir bildirib ki, il ərzində müxtəlif idman növləri üzrə 90 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib: "Altı nəfər ali, 80 nəfər birinci, 4 nəfər ikinci kateqoriya alıb. 35 nəfərə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi", 49 nəfərə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi", 23 nəfərə "Azərbaycan Respublikasının əməkdar idman ustası", 10 nəfərə"Respublika dərəcəli hakim" fəxri adları verilib. 156 nəfər İdman ustası normasını yerinə yetirib. 12 nəfərə isə dublikat vəsiqə verilib".

A.Rəhimov vurğulayıb ki, gələn il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Azərbaycan Qran-Prisi və qadınlar arasında voleybol üzrə Avropa çempionatı da uğurla təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə