GİN ilin ən yaxşılarını mükafatlandırdı FOTOLAR

GİN ilin ən yaxşılarını mükafatlandırdı FOTOLAR

Bu gün Gənclər və İdman Nazirliyi 2016-cı ilin yekunları ilə bağlı tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Mərasimdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra cari ildə ölkəmizdə keçirilən beynəlxalq turnirlər, idmançılarımızın uğurları barədə hesabat videoçarx nümayiş olunub.

Çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2016-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. Nazir dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycanın idman ölkəsinə çevrildiyini söyləyib. O, Azərbaycanda idmanın inkişafının getdikcə geniş vüsət aldığını, yeni-yeni uğurların əldə olunduğunu qeyd edib. A.Rəhimov son illər ölkəmizin mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb. İdmanın inkişafının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayan nazir deyib: "Bu il Azərbaycan idmanı üçün uğurlu olub. Ümumilikdə, carı ildə idmançılarımız 857 mükafat qazanıblar. Bunlardan 357-nin əyarı qızıldır. Atletlərimiz il ərzində 192 beynəlxalq yarışda təmsil olunublar. Ölkəmizdə 52 beynəlxalq turnir keçirilib. İdmançılarımız "Rio-2016" Yay Olimpiya Oyunlarında 18 medal qazanıblar. Cari ildə ölkəmizdə Formula-1 Avropa Qran-prisi və 42-ci Ümumdünya Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunub. Gələn il yenidən dünyanın idman ictimaiyyətinin diqqəti ölkəmizə yönələcək. Paytaxtımız IV İslam Həmrəylik Oyunları və bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi edəcək".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə əvvəlki illər kimi, 2016-ci ilin də idmanımızda mühüm məqamlarla yadda qaldığını deyib. Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını vurğulayan Ç.Hüseynzadə cari ildə atletlərimizin nəhəng beynəlxalq idman yarışlarında yüksək səviyyədə çıxış etdiklərini diqqətə çatdırıb: "Uğurlu ili yola salırıq. Bu il Olimpiya Oyunları ili idi. İdmançılarımız Olimpiadadan da üzü ağ çıxdılar. 18 medal qazanan atletlərimiz tarixi nəticə göstərdilər. Gələn ildə də beynəlxalq yarışlarda maksimum şəkildə nəticə göstərməyə çalışacağıq. "Tokio-2020" də idmançılarımızdan böyük uğurlar gözləyirik".

Sonra mükafatlandırma mərasimi olub.

Mərasimdə Azərbaycan Taekvondo Federasiyası ilin ən yaxşı federasiyası adına layiq görülüb. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti- (FORMULA1) idman yarışlarının yüksək səviyyədə təşkilinə görə mükafatlandırılıb. "Qəbələ" Atıcılıq idman klubu, Futzal üzrə millimiz ilin ən yaxşı komandası, "Synergy Baku Cycling Procekt" ilin ən yaxşı velosiped klubu, Heydər Əliyev adına İdman Konsert Kompleksi ilin ən yaxşı idman qurğusu seçilib.

İdmançılardan isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının medalçısı – taekvondo üzrə Olimpiya çempionu Radik İsayev, karate üzrə beşqat dünya birincisi Rafael Ağayev ilin ən yaxşı idmançısı adına layiq görülüb. Eyni zamanda idman gimnastikası üzrə dünya kubokunun (paralel qollarda) qızıl mükafatçı Oleq Stepko fəxri diplomla mükafatlandırılıb.

Mərasimdə ilin ən yaxşı məşqçiləri, hakimləri və idman jurnalistləri də təltif edilib. Həmçinin idman ictimaiyyətinin bir sıra nümayəndələrinə fəxri adlar verilib. Sonra digər nominasiyalar üzrə də qaliblər mükafatlandırılıb.

Tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə