Komitə sədri: “MK problemlərin həlli istiqamətində ciddi addımlar atıb” AÇIQLAMA
"AFFA yanında Media Komitəsi (MK) bu ilin mart ayında yaradılıb və fəaliyyətə başlayıb. Dekabrın 31-də komitənin elan etdiyi 3-cü layihə dövrü başa çatacaq. Bundan sonra isə MK-nın indiki heyətinin səlahiyyətləri çərçivəsində daha bir layihə dövrü başlayacaq. Bu dövr yanvar-mart aylarını əhatə edir. Mart ayından sonra komitənin yeni heyəti seçiləcək". Bunu SİA-ya açıqlamasında AFFA yanında Media Komitəsinin sədri, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli deyib.
O qeyd edib ki, MK 2016-cı ildə bir sıra uğurlu layihələr həyata keçirib: "MK-nın 30-dan artıq üzvü var. Komitə müxtəlif istiqamətlərdə (6-7, bəzən 10 istiqamət) layihələri maliyyələşidirir. Bu vasitə ilə MK-ya üzv olan media qurumlarının büdcələrinə müəyyən vəsait daxil olur. Bu da onların işçiləri bölgə idmanına, müəyyən araşdırmalara daha çox sövq edə bilməsini təmin edir. MK fəaliyyətdə olduğu dövrdə ən çox mübahisə doğuran məsələlərdən olan yığmanın və klubların səfər oyunlarına jurnalistlərin ezam olunmasında xeyli dərəcədə - 80-90 faiz intizamlı mühit yaradıb. Artıq burada müəyyən reqlament, növbəlilik prinsiplərinə əməl olunur. Mart ayından ilin sonuna qədər olan səfər məsələlərində əvvəlki ajiotaj, dava-dalaş yoxdur.
Peşəkar Futbol Liqası ilə birlikdə səfər oyunlarının işıqlandırılması baxımından da yeni layihəyə imza atmışıq. Əvvəllər səfər oyunlarına gedən jurnalistlər matçın hesabını düzgün təxmin etməklə pul mükafatı ilə təltif olunurdularsa, indi səfər oyunlarını ən yaxşı şəkildə işıqlandıran 3-4 reportyor üçün 500 manatlıq mükafat fondu müəyyənləşdirilir. Həmkarlarımız önə keçmək üçün daha çox çalışırlar".
MK sədri komitənin indiki heyətinin səlahiyyət müddəti bitənədək daha bir neçə layihənin icrasının nəzərdə tutulduğunu vurğulayıb: "2017-ci ildə çalışacağıq ki, ingilis dilini öyrənmək istəyən reportyorlar üçün dil kursu yaradaq. Bundan başqa, beynəlxalq əlaqələri qaydasına salmaq və təcrübə mübadiləsini artırmaq üçün müəyyən işlər aparılacaq. Nümayəndə heyətimizin Türkiyə və ya Rusiyaya səfəri gözlənilir. Orada qazanacağımız təcrübə komitənin işini bir daha yenidən qurmağa kömək edəcək. Biz ən çətin olan dövrdə fəaliyyət göstəririk. Komitə yaradıldı, iş müəyyən nizama salındı, reqalament sənədləri müəyyənləşdirildi və protokol işləri görüldü. Bundan sonra da görüləsi işlər çoxdur.
Komitə heyətinin AFFA-nın baş katibi Elxan Məmmədovla görüşündə də qərara alındı ki, MK-nın institut olaraq yaşaması faydalıdır. MK problemlərin ən azı 50-60 faizinin həlli istiqamətində çox ciddi addımlar atıb".
M.Rüstəmli bildirib ki, MK-nın təşkilatçılığı və PFL-in təşəbbüsü ilə dekabrın 27-də, saat 18:00-da "İmperator" Şadlıq Sarayında bütün idman jurnalistləri ilə ilin yekunları haqqında görüşün keçirilməsi nəzərdə tutulur. Komitə sədri əlavə edib ki, sözügedən tədbirin ənənəvi olaraq təşkil edilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB