AGF rəsmisi: "Güləşçilərimiz 2016-cı ildə 255 medal qazanıblar" AÇIQLAMA

AGF rəsmisi: "Güləşçilərimiz 2016-cı ildə 255 medal qazanıblar" AÇIQLAMA

"2016-cı il Azərbaycan güləşçiləri üçün uğurlu olub. Milli komandalarımız beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanıblar". Bunu SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Mayis Musayev deyib.

O qeyd edib ki, milli komandalarımızın üzvləri 2016-cı ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 17 qızıl, 23 gümüş, 46 bürünc olmaqla, ümumilikdə 86 medal qazanıblar: "Son 8 ilə nəzər saldıqda rəsmi yarışlarda güləşçilərimizin nailiyyətlərinin artan templə davam etdiyini görürük. Belə ki, güləşçilərimiz 2009-cu ildə 47, 2010-cu ildə 66, 2011-ci ildə 67, 2012-ci ildə 71, 2013-cü ildə 70, 2014-cü ildə 65, 2015-ci ildə 82, 2016-cı ildə 86 medal qazanıblar".

M.Musayev böyüklərlərdən ibarət milli komandalarımızın il ərzində iştirak etdikləri yarışlarda əldə etdikləri nəticələr haqqında məlumat verib: "Yığma komandalarımız ilin əvvəlində Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olublar. Yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü nəticə göstərib.
Braziliyanın Rio-de-Janeyro şəhərində keirilən XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar və 9 medal (3 gümüş və 6 bürünc) qazanmaqla güləş tarixində yeni bir səhifə yazıblar. Sərbəst güləşçilərimiz 6 idmançıya 5 medal qazanaraq medal sayına görə bütün komandaları qabaqlayıb.
Makedoniyanın Skopye şəhərində keçirilən hərbçilərin dünya çempionatını pəhləvanlarımız 2 qızıl, 4 gümüş və 3 bürünc medalla tamamlayıblar. Yunan-Roma güləşçilərimiz komanda hesabında dünya ikincisi olublar.
İlin sonunda Macarıstanın paytaxtı Budapeştdə tarixdə ilk dəfə keçirilən qeyri-Olimpiya çəki dərəcələri üzrə dünya çempionatını da güləşçilərimiz üçün uğurlu hesab etmək olar. Bir çox aparıcı güləş ölkələrinin medal qazana bilmədiyi dünya çempionatını hər növdə iki idmançı ilə təmsil olunan yığmamız 2 bürünc medalla tamamlayıb".

Federasiya rəsmisi U-23 yığmasının Avropa çempionatında 3 qızıl, 4 gümüş və 6 bürünc, gənclər yığmasının Avropa çempionatında 5 qızıl, 2 gümüş, 5 bürünc, dünya çempionatında 2 qızıl, 1 gümüş və 5 bürünc, (Sərbəst güləşçilərimiz komanda hesabında dünya ikincisi olub), yeniyetmələrdən ibarət yığmamızın Avropa çempionatında 1 qızıl, 4 gümüş və 10 bürünc, dünya çempionatında 2 qızıl, 3 gümüş və 5 bürünc medal (Komanda hesabında yunan-Roma güləşçiləri ikinci, sərbəst güləşçilər isə 3-cü nəticə göstərib) qazandıqlarını vurğulayıb.

O bildirib ki, yığma komandalarımız bu il 9-cu dəfə keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi (7 qızıl, 3 gümüş və 7 bürünc medal) də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 169 medal qazanıblar: "Bu medalların 45-i qızıl, 38-i gümüş və 86-sı isə bürünc olub. Beləliklə, güləşçilərimiz 2016-cı ildə 255 (62 qızıl, 61 gümüş, 132 bürünc) medal qazanıblar. Bunlardan 84-ü yeniyetmə, 55-i gənc güləşçilərin payına düşür. U-23 Avropa çempionatında 13 medal qazanan güləşçilərimiz böyüklərin yarışında isə il ərzində 103 medala sahib olublar. 2016-cı ildə əldə edilən medalların 130-nu sərbəst, 94-nü yunan-Roma, 31-ni isə qadın güləşçilər qazanıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə