Nazir: "Cüdoçularımızdan medallar gözləyirik" FOTOLAR

Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Nazir: "Cüdoçularımızdan medallar gözləyirik" FOTOLAR

Bu gün Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli iştirak ediblər.

Öncə yarışın iştirakçı komandaları və hakimləri arenaya dəvət olunub.

Sonra çıxış edən nazir A.Rəhimov ölkə idmanının inkişafından danışıb. O, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd edib: "Azərbaycanda idmanla böyük kütlə məşğul olur. İdmançlarımız beynəlxalq arenalarda böyük uğurlar əldə edirlər. Azərbaycanda idmanın yüksək səviyyədə maddi-texniki bazası formalaşıb. Ölkəmiz dünyanın ən mötəbər idman tədbirlərinə ev sahibliyi edir".

Nazir cüdonun Azərbaycanda populyar idman növlərindən olduğunu bildirib: "Hazırda Azərbaycanda çox sayda gənclər bu idman növü ilə məşğul olurlar. Cüdo ölkəmizdə inkişaf etmiş idman növlərindəndir. Azərbaycanın müxtəlif regionlarından olan komandaların ölkə çempionatında iştirakı buna əyani sübutdur. Respublika çempionatı böyük yarışlara hazırlıq və təcrübə baxımından önəmlidir. Cüdoçularımızdan gələn il Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da medallar gözləyirik. Əminəm ki, ölkə çempionatında ən güclü qalib gələcək. Bütün idmançılara uğurlar arzulayıram".

ACF-nin vitse-prezidenti E.Məmmədli tədbir iştirakçılarını ilin cüdo idman növü üzrə son tədbirində salamlayıb. O, 2016-cı ilin Azərbaycan cüdosu üçün uğurlu keçdiyini qeyd edib: "Bu il cüdoçularımız beynəlxalq arenalarda böyük uğurlar qazanıblar. ACF-nin qarşısında duran əsas vəzifələrdən biri də yerli yarışların yüksək səviyyədə keçirilməsi, bütün regionlarda cüdonun daha da güclü inkişaf etməsinə nail olmaqdır. Bu gün ölkə çempionatında 400-ə yaxın idmançımız iştirak edir. Onların hər birinə uğurlar arzulayıram. Gələcəyin Olimpiya, dünya, Avropa çempionalarını məhz bu yarıda görəcəksiniz".

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimindən sonra yarışlar davam edib.

Qeyd edək ki, ölkə çempionatında 48 klubdan 366 cüdoçu (315 kişi, 51 qadın) qüvvəsini sınayır.

Bütün xəbərlər Facebook səhifəmizdə