Raqif Abbasov: “Prezident İlham Əliyevin ətrafında çoxminli idman ordusu birləşib” AÇIQLAMA

Raqif Abbasov: “Prezident İlham Əliyevin ətrafında çoxminli idman ordusu birləşib” AÇIQLAMA

"Dövlət başçımız cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə Prezident seçilməsindən sonra Azərbaycanın idman siyasətində yeni dövr başlayıb. Cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan idmanının sürətli inkişafı və əldə olunan uğurlar bütün dünya ölkələrinə nümunədir". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb: "Dövlət başçımızın rəhbərliyi ilə aparılan işləri şərti olaraq üç əsas istiqamətə bölmək olar.

Birinci istiqamət Azərbaycanda idmanın maddi-texniki bazasının yaxşılaşdırılmasıdır. Ölkəmizdə 70 min azarkeş tutumuna malik Bakı Olimpiya Stadionu, möhtəşəm idman qurğuları, bütün bölgələrdə 40-a yaxın olimpiya komplekslərinin tikintisi, olimpiya və qeyri-olimpiya idman növləri üçün bazaların yaradılması, idman avadanlığı və geyimlərinin yüksək səviyyədə təchiz edilməsi, ölkədə idman mallarının istehsalı Azərbaycanda idmanın zəngin maddi-texniki bazasının formalaşdırılmasını təmin edib.

İkinci istiqamət idmançılarımızın beynəlxalq yarışlarda iştirakı və ölkəmizin mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi etməsidir. İdmançılarımızın olimpiya oyunları, dünya, Avropa çempionatları, beynəlxalq turnilərdə uğurla çıxışları, hər il medal saylarının artması, Azərbaycanın olimpiya və qeyri-olimpiya idman növləri üzrə dünya, Avropa çempionatları, birinci Avropa Oyunları, Formula 1 üzrə Avropa Qran-prisi, olimpiya oyunlarına lisenziya turnirlərinə, gələn il isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi möhtəşəm idman ölkəsi olduğumuzun əyani sübutudur.

Üçüncü istiqamət isə idmanda kütləviliyin təmin olunması və olimpiya fəlsəfəsinə sadiqlikdir. Olimpiya oyunlarına lisenziya qazanan idmançılarımızın sayı hər il daha da çoxalır və hər olimpiadada daha çox medal əldə olunur. Ölkəmizdə idman növlərinin sayı artır, coğrafiyası genişləndirilir. Azərbaycana tez-tez beynəlxalq federasiyaların prezidentləri gəlir, buradakı şəraitlə tanış olur, ölkəmizin modelinin tətbiqinə çalışırlar. İdman sahəsi üzrə çalışan mütəxəssislərin yetişdirilməsi istiqmətində böyük tədbirlər həyata keçirilir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə idman federasiyaları və cəmiyyətləri, klubların sayı hər il daha da artır. Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası yeni müstəvidə fəaliyyətə başlayıb.

Ayrı-ayrı yaş qruplarında kütləvilik təmin olunub, bir çox ölkələrin nümayəndələri Azərbaycanın bayrağı altında çıxış etməyə razılıq veriblər".

Baş İdarə rəisi bildirib ki, Prezident İlham Əliyev idmançıların yaxın dostudur: "Cənab Prezident Azərbaycanda sağlam həyat tərzi fəlsəfəsinin təbliğatı istiqamətində uğurlu siyasət aparır. Prezident İlham Əliyevin ətrafında çoxminli idman ordusu birləşib və Azərbaycanın çiçəklənməsi, bayrağımızın ucaldılması, himnimizin səsləndirilməsi üçün əllərindən gələni edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə