Gənclər və İdman Nazirliyində (GİN) Azərbaycan Kapoeyra Federasiyasının (AKF) prezidenti Taleh Orucovun Ümumdünya Kapoeyra Federasiyasının (ÜKF) prezidenti seçilməsi ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, AKF-nin prezidenti Taleh Orucov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Füzuli Musayev, Niyaməddin Paşayev və digərləri iştirak ediblər.
GİN-nin şöbə müdiri F.Mansurov T.Orucovun ÜKF-yə prezident seçilməsinin böyük uğur olduğunu qeyd edib. O, bu uğurların Azərbaycan idmanın inkişafından xəbər verdiyini bildirib.
ÜKF və AKF-nin prezdenti T.Orucov Azərbaycan Kapoeyra Federasiyasının 2007-ci ildə yaradıldığını, onlarla dünya və Avropa çempionlarımızın olduğunu qeyd edib: "2013-cü ildə Bakıda dünya çempionatı təşkil olundu. Bu çempionat kapoeyranın 5 əsrlik tarixində ən mötəbər yarış adını aldı. Azərbaycan milli komandası medalların sayına görə 1-ci, Braziliya 2-ci, Türkiyə 3-cü yerə çıxdı".
O, ÜKF-yə prezident seçilməsi haqqında danışıb: "ÜKF beynəlxalq kapoeyra təşkilatlarını özündə birləşdirən ən nəhəng qurumdur. Bura 15-ə yaxın beynəlxalq təşkilatdan 150-ə yaxın ölkə daxildir 2016-cı ilin oktyabr ayının 3-də Estoniyanın Tallin şəhərində ÜKF-yə prezident seçkiləri keçirildi. Qurumun prezidentliyinə 20-yə yaxın ölkənin nümayəndəsi namizədliyini vermişdi. Azərbaycandan gənclər və idman naziri Azad Rəhimovun tövsiyəsi ilə namizəd kimi mənim adım təqdim olunmuşdu. Səsvermədə qalib gələrək ÜKF-nin prezidenti seçildim".
T. Orucov Azərbaycanda digər növlərə olduğu kimi kapoeyra idman növünə də dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirib. Onun sözlərinə görə, paytaxtda və 10-dan çox regionda 20-dən artıq klub və nümayəndəliklər fəaliyyət göstərir, 21-22 məktəb və 10-dan artıq bağçada kapoeyra dərsləri keçirilir. T.Orucov növbəti illərdə ölkəmizdə kapoeyra üzrə bir çox beynəxalq yarışlar keçiriləcəyini vurğulayıb.
Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev çıxış edərək deyib ki, kapoeyra yeganə idman növüdür ki, dünya federasiyasına azərbaycanlı başçılıq edir. Onun sözlərinə görə, belə yüksək uğurlar Azərbaycan idmanının inkişafı nəticəsində əldə olunur. Millət vəkili T.Orucovun ÜKF-yə prezident seçilməsinin böyük nailiyyət olduğunu vurğulayıb.
BŞGİBİ-nin rəisi R.Abbasov T.Orucovun qazandığı uğurun Azərbaycan idmanında yeni səhifə olduğunu bildirib. O, ölkəmizdə kapoeyranın inkişafı istiqamətində aparılan uğurlu işlərdən söz açıb. Baş İdarə rəisi T.Orucovun ÜKF-nin prezidenti seçilməsindən sonra Azərbaycanda bu idman növünün daha da sürətlə inkişaf edəcəyini vurğulayıb.
Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB