İlin ən yaxşıları mükafatlandırıldı FOTO

İlin ən yaxşıları mükafatlandırıldı FOTO

Bu gün İdman Araşdırmaları Mərkəzinin (İAM) "İlin qalibləri-2016" layihəsi çərçivəsində müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, 2016-cı ildə dünyasını dəyişmiş idman ictimaiyyətinin nümayəndələri və aprel döyüşlərində şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq mükafatlandırma mərasimi bir dəqiqəlik sükutla başlayıb.

Tədbiri giriş sözü ilə açan İAM-ın sədri Elşən Məmmədov rəhbərlik etdiyi qurumun gördüyü işlərdən söz açıb. O bildirib ki, İAM-ın keçirdiyi tədbirlər arasında ardıcıl 4-cü ildir təşkil olunan "İlin qalibləri" layihəsi xüsusi yer tutur: "Hər il bu layihəyə cəlb olunan KİV-lərin sayı artır. İlk dəfə 2013-cü ildə cəmi 34 media nümayəndəsinin qatıldığı sorğuya növbəti il 41, ötən il isə 48 KİV qatılmışdısa, artıq 57 media orqanı arasında səsvermə keçirilib. Digər tərəfdən, yenə 8 nominasiya üzrə 11 qalib səsvermə yolu ilə seçilibsə, ötən illə müqayisədə İAM-ın xüsusi mükafatlarının sayı 3-dən 7-yə çatdırılıb".

E.Məmmədov Azərbaycanın 2016-cı ildə qazandığı idman uğurlarından danışıb və gələcəkdə də idmanın inkişafı üçün çalışacaqlarını bildirib: "Artıq 2016-cı il başa çatmaq üzrədir. Gələn il də ölkəmizdə bir sıra nüfuzlu idman tədbirləri ilə yanaşı, Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Biz də həmin tədbirlərlə bağlı yeni layihələrə qatılmağa və ölkə idmanına dəstək məqsədilə əlimizdən gələni etməyə hazırıq. Sizi qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə təbrik edirik".

Daha sonra qaliblərin mükafatlandırılma mərasimi başlayıb.

Öncə İAM-ın 7 xüsusi mükafatı sahiblərinə təqdim olunub. "İlin qalibləri-2016" layihəsinə verdiyi dəstəyə görə, "İtaldizain Group"a və İlin fəal operatoru "CBC Sport"un əməkdaşı Anar İbrahimova mükafatı Media Komitəsinin sədri Mahir Rüstəmli, İlin fəal meneceri Vaqif Heydərliyə və İlin uğurlu KİV layihəsi olaraq AFFA yanında Media Komitəsinə mükafatı Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev təqdim edib. Komitənin idarə heyətinin üzvü İlqar Tağıyev çıxış edərək öz təşəkkürünü bildirib. İ.Tağıyev gələcəkdə də bu cür layihələri davam etdirməyin vacibliyini deyib.

Media ilə sıx və səmərəli əməkdaşlığa görə, Bakı Olimpiya Stadionunun mətbuat katibi Cəmilə Mehdiyeva, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi və Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya da mükafat təqdim olunub. Mükafatları əməkdar artist Bəhram Bağırzadə təqdim edib.

S.Məmmədova mükafata görə təşəkkürünü bildirib. O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları zamanı jurnalistlərlə işindən söz açıb. Nazirlik rəsmisi iş birliyinə görə media nümayəndələrinə öz minnətdarlığını bildirib.

Daha sonra 11 nominasiyanın qalibləri açıqlanıb və mükafatlar təqdim edilib.

1. İlin idman xadimi - Kəmaləddin Heydərov (Azərbaycan Taekvondo və Boks Federasiyalarının prezidenti) - Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev mükafatı federasiyanın vitse-prezidenti Niyaməddin Paşayevə təqdim edib.

2. İlin yerli idmançısı - Radik İsayev (Taekvondo üzrə milli komandanın üzvü) - Mükafatı Fərid Mansurov təqdim edib

3. İlin əcnəbi idmançısı - Ansi Aqolli ("Qarabağ" klubunun müdafiəçisi) - Mükafatı millinin məşqçisi Mahmud Qurbanov klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova təqdim edib

4. İlin futbolçusu - Rəşad Sadıqov ("Qarabağ" klubunun və millinin kapitanı) - Mükafatı Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov təqdim edib

5. İlin komandası

- Futbol - Azərbaycan milli komandası - Mükafatı yığmanın üzvü Rahid Əmirquliyevə AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov təqdim edib

- Digər növlər üzrə - Kişi taekvondoçulardan ibarət yığma komanda - Mükafatı Elxan Məmmədova Elnur Amanov təqdim edib

6. İlin baş məşqçisi

- Futbol - Qurban Qurbanov ("Qarabağ" klubunun baş məşqçisi) - Mükafatı güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov təqdim edib

- Digər növlər üzrə - Reza Mehmandust (Taekvondo üzrə yığma komandanın baş məşqçisi) - Mükafatı güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov təqdim edib

7. İlin mətbuat katibi

- Futbol - Aslan Şahgəldiyev (Peşəkar Futbol Liqasının mətbuat katibi) - Mükafatı AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev təqdim edib

- Digər növlər üzrə - Pərviz Musayev (Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi) - Mükafatı AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev təqdim edib

8. İlin idman jurnalisti - Sərxan Musalı ("Futbol+" qəzeti) - Mükafatı əməkdar jurnalist Qabil Mehdiyev təqdim edib.

Qaliblər mükafat aldıqdan sonra çıxış edərək səsvermədə iştirak edən jurnalistlərə minnətdarlıqlarını bildiriblər.

Sonda İAM sədri E.Məmmədov mərasimə gələn qonaqlara öz minnətdarlığını ifadə edib və bu cür tədbirlərin davam edəcəyini söyləyib.

Qeyd edək ki, sorğu Azərbaycanın müxtəlif KİV-lərində çalışan idman jurnalistləri arasında, hər bir KİV-dən bir jurnalist olmaqla keçirilib. Bu zaman jurnalistlər təklif olunan namizədlərdən savayı, şəxs və ya komandanı qalib kimi göstərə biliblər. Yekunda ən çox səs toplayan namizəd qalib elan olunub. Yalnız "İlin idman jurnalisti" nominasiyasında namizədlər göstərilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə