"Azərbaycan Tələbə Kartı" yeni variantda təqdim edildi FOTOLAR

"Azərbaycan Tələbə Kartı" yeni variantda təqdim edildi FOTOLAR

Gənclər və İdman, Təhsil Nazirlikləri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün hazırlanan "Azərbaycan Tələbə Kartı" yeni variantda təqdim edilib.

SİA-nın məlumatına görə, təqdimetmə mərasimində gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, millət vəkili Şahin İsmayılov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev də digərləri iştirak ediblər.

Nazir A.Rəhimov çıxış edərək laihənin çox maraqlı olduğunu və tələbələr dəstək baxımından önəmlililiyini qeyd edib: "Tələbələrimiz Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən birinci Avropa Oyunlarında, "Formula-1" Avropa Qran-prisində könüllü kimi fəal iştirak ediblər. Azərbaycan tələbələri böyük uğurlara imza atırlar. Azərbaycan Tələbə Kartı" layihəsi tələbələrimizə kömək üçün önəmli addımdır. Düşünürəm ki, bu kart gələcəkdə tələbələrə daha çox imkanlar açacaq".

Daha sonra ATGTİ-nin sədri, millət vəkili Şahin İsmayılov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və "Azərbaycan Tələbə Kartı" ilə əməkdaşlıq edən şirkətlərin nümayəndələri çıxış edərək kartın əhəmiyyətindən söz açıblar.

Bildirilib ki, bu layihə tələbələrə sosial dəstəyin artırılması məqsədi daşıyır və artıq özünü doğruldub. Qeyd edilib ki, "Azərbaycan Tələbə Kartı" ilə əməkdaşlıq edən şirkətlərin sayının artırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Təhsil alan gənclərə sosial dəstəyin artırılması və tələbələrin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məqsədilə 2012-ci ildən etibarən Gənclər və İdman, Təhsil Nazirlikləri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün 196 min ədəd "Azərbaycan Tələbə Kartı" hazırlanaraq pulsuz paylanıb.

"Azərbaycan Tələbə Kartı" Avropa Gənclər kartı ilə birgə buraxılır. 1987-ci ildə təsis edilən Avropa Gənclər Kartı Assosiasiyası üzv təşkilatları sosial, mədəni, təhsil və iqtisadi cəhətdən mobil olmaq üçün daha çox gəncləri stimullaşdırmaq istiqamətində birgə fəaliyyət məqsədi daşıyır. Plastik kartın üzərində Avropa Gənclər Kartının loqosu var və ona uyğun olaraq kartın içində mikroçip yerləşdirilib. Bu da kart sahibinə Avropanın 37 ölkəsində 80.000-dən artıq və Azərbaycanda 200-dən çox obyektdə 5%-dən 55%-ək endirimlər təklif edir.

Kartdan aşağıdakı istiqamətlər üzrə istifadə etmək imkanı var:

- səyahət zamanı: hotellər və hostellər, ekskursiyalar və turlar

- nəqliyyat: qatarlar, avtobuslar, hava və su nəqliyyatı

- mağazalar: kitab, idman, paltar və digər

- iaşə obyektləri: restoranlar və kafelər

- xidmətlər: sığorta, abunə servisi, bələdçi

Bütün xəbərlər Facebook səhifəmizdə