Elnur Amanov: “Yeni tarixə imza atmaq üçün əlimizdən gələni edəcəyik” MÜSAHİBƏ

Elnur Amanov: “Yeni tarixə imza atmaq üçün əlimizdən gələni edəcəyik” MÜSAHİBƏ

Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının böyük məşqçisi Elnur Amanovun SİA-ya müsahibəsi:

- Ölkəmizdə keçirilən Qran-pri turniri və komandalararası dünya çempionatında iştirak edən Azərbaycan milli komandasının çıxışını necə qiymətləndirirsiniz?

- Komandamız Olimpiya Oyunlarına iki il gecə-gündüz dayanmadan hazırlıq keçib. Olimpiadadan sonra isə idmançılarımızın istirahəti üçün çox az vaxt qaldı. Ölkəmizdə təşkil olunan Qran-pri turniri və komandalararası dünya çempionatına görə yenidən məşqlərə başladıq. Qran-pri turnirində 4 qızıl medaldan birini Azərbaycan idmançısı Milad Beigi Harçeqani qazandı. Ancaq nəticələrimiz bundan da yaxşı ola bilərdi.

Olimpiya çempionumuz Radik İsayevin də istirahət etməyə zamanı olmadı. Ona görə Qran-pridə qələbə qazana bilmədi. O, yeni ildən tam formada yarışlara qatılacaq.

Komandalararası dünya çempionatında isə millimiz ilk iki döyüşdə qalib gəlib. Yığmamız qrup birincisi kimi yarımfinal mərhələsinə vəsiqə qazanıb. Komandamız yarımfinalda digər qrupun 2-cisi Türkiyə ilə qarşılaşacaq.

- Komandalararası dünya çempionatında yığmamız üçün ən çətin rəqiblər hansılardır?

- Ən çətin rəqiblərimiz Koreya, İran, Rusiya və Türkiyə komandalarıdır. Yarımfinalda isə Türkiyə millisi ilə qarşılaşacağıq. Ötən dünya çempionatında Koreya yığmasını məğlub edib finala yüksəlmişdik. Finalda İran komandasından üstün olaraq çempion adını qazanmışdıq. Bu dünya çempionatında titulumuzu qorumağa çalışacağıq. Yeni tarixə imza atmaq üçün əlimizdən gələni edəcəyik.

Onu da qeyd edim ki, millimizin baş məşqçisi Reza Mehmandoust 2016-cı ilin ən yaxşı baş məşqçisi, Azərbaycan Taekvondo Federasiyası isə ilin ən yaxşı federasiyası seçilib. Bütün bunlar Azərbaycanda taekvondonun inkişafından xəbər verir.

- Millimizin "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarına hazırlıq planları haqda məlumat verərdiniz...

- Dünya çempionatından sonra komandamız 10 gün istirahət edəcək. Daha sonra isə IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə komandamızın heyətini tam formalaşdırmaq üçün gənc idmançılarımızı sınaqdan keçirəcəyik. Yanvarın ortalarında təşkil olunacaq Azərbaycan çempionatından gənc idmançıları seçib yığma komandaya cəlb edəcəyik. Fevralda isə onları Türkiyədə 20 lisenziya xalı verən turnirdə bir daha sınayacağıq. Millimizin "Bakı-2017"yə hazırlıq məqsədilə təlim-məşq toplanışları da nəzərdə tutulub.

- Gənc idmançılarımızdan əsas milli komandanın məşqlərinə cəlb edilənlər olur?

- Bu il Kanadada keçirilən dünya çempionatından öncə iki gənc idmançımızı əsas milli komandamızla məşqlərə dəvət etdik. Tanınmış taekvondoçularımızla məşq etmək, onların təcrübəsindən yararlanmaq gənc idmançılarımızda ruh yüksəkliyi yaradır. Həmin teakvondoçularmızdan biri dünya çempionatında gümüş, digəri isə bürünc medal qazandı.Onları Azərbaycan çempionatında bir daha izləyəcəyik. Həmin idmançılara gələn il əsas komandanın tərkibində şans verməyi düşünürük.

Bütün xəbərlər Facebook səhifəmizdə