ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçilib FOTOLAR

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçilib FOTOLAR

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti Kəmaləddin Heydərov, DTF tərəfindən xüsusi mükafata layiq görülüb. Mükafatı K.Heydərova DTF-in prezidenti Çunqvon Ço təqdim edib.

SİA-nın məlumatına görə, Ç.Ço Azərbaycanı cari ildə qazandığı uğurlar münasibətilə təbrik edib. O, Rio Yay Olimpiya Oyunlarında azərbaycanlı taekvondoçuların qazandığı 1 qızıl və 2 bürünc medalı yüksək nəticə kimi qiymətləndirib.

K.Heydərov öz növbəsində Qran-pri yarışının final mərhələsini və Komandalarası Dünya Çempionatını Azərbaycana həvalə etdikləri üçün DTF-yə və onun rəhbəri Çunqvon Çoya öz təşəkkürümü bildirib. Federasiya prezidenti bunun Azərbaycana verilən yüksək dəyər olduğunu bildirib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Odlar yurdu Azərbaycanın dünyada idman ölkəsi kimi məşhur olduğunu vurğulayıb.

Daha sonra müxtəlif nominasiyalar üzrə ilin qalibləri müəyyənləşib.

Azərbaycan Taekvondo Federasiyası 2016-cı ilin ən yaxşı milli federasiyası seçilib. Bu seçim Dünya Taekvondo Federasiyasının səsverməsinə əsasən götürülüb. Mükafat təşkilatın prezidenti Çunqvon Ço tərəfindən Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərova təqdim olunub.

"İlin ən yaxşı kişi məşqçisi" nominasiyasında Azərbaycanın kişilərdən ibarət milli komandasının baş məşqçisi Reza Mehmandoust Soumaehsaraei qalib gəlib. Mükafatı məşqçiyə Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov təqdim edib.

Həmçinin, ən yaxşı kişi idmançı üçün nəzərdə tutulan mükafat Rio Yay Olimpiya Oyunlarının qalibi iordaniyalı Əhməd Abuqaşa, ən yaxşı qadın idmançı üçün nəzərdə tutulan mükafat iki qat olimpiya çempionu, britaniyalı Ceyd Consa təqdim olunub.

Ən yaxşı kişi hakim Sonq-çul Kim (Kanada), ən yaxşı qadın hakim Mariya Merkuri (Gürcüstan) olub. "Ən yaxşı zərbə" adlı mükafat Fil Dişi Sahilinin təmsilçisi Çeyx Salleh Junior Sisseye verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə