Taekvandoçumuz Qran-pri turnirinə qələbə ilə başlayıb

Taekvandoçumuz Qran-pri turnirinə qələbə ilə başlayıb

"Sərhədçi" Olimpiya İdman Mərkəzində taekvando üzrə Qran-pri yarışının final mərhələsinə start verilib. SİA-nın məlumatına görə, iki gün davam edəcək turnirin ilk günündə Azərbaycan yığma komandasının iki üzvü mübarizəyə qoşulub. "Rio-2016" Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Harçeqaninin (80 kq) ilk mərhələdə - səkkizdəbir finalda rəqibi avstraliyalı Hayder Şkara olub. Taekvandoçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb. Rəqibini tam üstünlüklə məğlub edən M.Harçeqani növbəti mərhələdə Heyeon-Vu Kim (Koreya Respublikası) ilə qarşılaşacaq.

Millimizin gənc üzvü Roman Samodurov (58 kq) isə çəkisində reytinq cədvəlində ilk pillədə yer alan Koreya Respublikasının təmsilçisi Tae-hun Kim ilə döyüşəcək.

Yarışın ikinci günündə millimizin heyətində Yaprak Eriş (57 kq), Ayxan Tağızadə (68 kq) və Radik İsayev (80 kq-dan yuxarı) mükafatlar uğrunda yarışacaqlar.

Türnirdə hər çəki dərəcəsi üzrə Dünya Taekvando Federasiyasının (DTF) Olimpiya reytinqində qərarlaşan ən güclü 16 idmançı mübarizə aparır.

Yarışda 47 ölkədən 128 taekvandoçu qüvvəsini sınayır. Onların arasında "Rio-2016"nın və bir sıra turnirlərin medalçıları da yer alır. Yarış DTF-nin 45 hakiminə həvalə olunub. Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov təmsil edirlər.

"G8" kateqoriyalı turnirdə qızıl medal qazanan taekvandoçunun reytinqinə 80 xal əlavə olunacaq. İkinci yerin sahibi 48, bürünc mükafatçı 28,8 xal qazanacaq.

Yarışın qaydalarına əsasən, birinci, ikinci və üçüncü yerin sahiblərinə müvafiq olaraq 6 min, 3 min və min ABŞ dolları məbləğində pul mükafatı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə