Bu gün, Azərbaycanın dörd iri könüllülər proqramı ölkədə gənclər arasında könüllülük fəaliyyətinə maraq oyatmaq və müxtəlif təşkilatlar üzrə könüllülük fəaliyyəti göstərənlər arasında həmrəylik yaratmaq məqsədi ilə "5 dekabr – Beynəlxalq Könüllülər Günü" çərçivəsində saat 18:00-da Park Bulvar alış-veriş mərkəzində bir araya gələcəklər. SİA-nın verdiyi məlumata görə, park Bulvarın dəstəyi ilə baş tutacaq tədbirdə 2017 Formula 1 Azərbaycan Qran Prisi, Bakı 2017 İslam Həmrəyliyi Oyunları, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) və "BİR" Tələbə-Könüllü Proqramını təmsil edən 200-dən çox fəal könüllüsü iştirak edəcək. Tədbiri izləməyə gələnlərə könüllülük fəaliyyəti haqqında məlumat veriləcək, könüllülərin maraqlarına istiqamətlənmiş bir sıra əyləncəli fəaliyyətlər nümayiş olunacaq və tədbirin sonunda könüllü təmsilcilərindən ibarət gənc musiqiçilərın iştirakı ilə konsert proqramı baş tutacaq. Tədbir təşkilatçıları bayram münasibətilə bütün könüllüləri təbrik edərək könüllü fəaliyyət göstərmək istəyən hər kəsi bayramı birlikdə qeyd etməyə və həmçinin arzuladığı proqrama qoşulmağa dəvət edir. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan Resursları şöbəsinin və eyni zamanda Formula 1 Azərbaycan Qran Prisi Könüllülər Proqramının rəhbəri İranə Əhmədova könüllü olmaq istəyənlərə etdiyi üraciətində hamını bu imkandan yararlanmağa çağırır: "Bildiyiniz kimi 2017-ci ildə Bakıda sayca ikinci Formula 1 yarışı keçiriləcəkdir. Sözsüz ki, bu yarışın da görünməyən qəhrəmanları yenə də məhz siz – könüllülər olacaqsınız. Bu il keçən ildən fərqli olaraq sizlər üçün BŞH Akademiyasını təsis etdik. Akademiya hər bir könüllümüzün fərdi inkişafında əvəzsiz rol oynayacaqdır. Akademiyada könüllülərin şəxsi inkişafına hesablanmış müxtəlif təlimlər və xarici dillər üzrə danışıq klubları təşkil olunacaq. Formula 1 yarışı üçün qeydiyyat artıq elan olunub və əminik ki, hər biriniz bizim komandaya qoşularaq sürətə həyəcan qatacaqsınız." Bakı 2017 İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov da öz müraciətində hamını qeydiyyat qurtarmadan könüllülər proqramına qoşulmağa səsləyir: "Bakı 2017 İslam Həmrəyliyi Oyunlarını xüsusi edən əsas amillərdən biri məhz bizim könüllülərimizdir. Bu gün – Beynəlxalq Könüllülər Gününündə könüllülərimizin həyəcanını görmək çox sevindiricidir. Çünki bu, onların evsahibliyi edəcəyimiz möhtəşəm idman tədbirini böyük səbirsizliklə gözlədiyindən xəbər verir. Artıq 10 mindən çox gəncin müraciət etdiyi Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Könüllülük Proqramı könüllülərimizin beynəlxalq arenada Azərbaycanı təmsil etməsi üçün əvəzolunmaz fürsətdir və bu fürsətdən yararlanaraq faydalı təcrübə qazanmaq istəyənləri qeydiyyat mərhələsi bitmədən öncə Bakı 2017 Könüllülük Proqramına qatılmağa dəvət edirəm." "ASAN School" könüllülük məktəbinin rəhbəri və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev də şəxsi inkişafa nail olmaq istəyən gəncləri könüllülük fəaliyyətinə qoşulmağa dəvət edir: "Şəxsi inkişafa gedən yol könüllülükdən keçir. Bütün gəncləri öz karyeralarını daha sağlam təməllərdə qurmaq üçün könüllülük fəaliyyətinin əsas iştirakçıları olmağa çağırıram". "BİR" Tələbə-Könüllü Proqramının meneceri Tural Abdullazadə öz müraciətində ölkənin gələcəyi adına çalışmaq istəyən hər bir tələbəni bu uğurda böyük addımlar atmağa çağırır: "Tələbə-könüllülərin fəaliyyəti yalnız öz gələcəkləri üçün deyil, həm də bütün Azərbaycanın gələcəyi üçün atılmış addımlardır. "BİR" Tələbə-Könüllü Proqramı olaraq bu addımları dəstəkləmək və istiqamətləndirmək kimi məsuliyyətli işi öz üzərimizə götürmüşük." Qeyd edək ki, könüllülük proqramına qoşulanlar yeni dostlar və iri miqyaslı beynəlxalq tədbirlərin keçirilməsinə dair böyük təcrübə qazanmaqla yanaşı öz bilik və bacarıqlarını qısa müddət ərzində sürətlə inkişaf etdirmək imkanına sahib olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə