Tərlan Əhmədov: "Tounkara "Qəbələ” ilə oyunda meydanda olacaq” AÇIQLAMA

Tərlan Əhmədov: "Tounkara "Qəbələ” ilə oyunda meydanda olacaq” AÇIQLAMA

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində AZAL "Rəvan"ı 4:0 hesabı ilə məğlub edib. SİA-nın məlumatına görə, oyundan sonra "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov qarşılaşma haqda fikirlərini bildirib: "Komanda üçün çətin oldu. Belə oyunlara hazırlaşmaq motivasiya baxımından çətin olur. Qələbələr qazanmaq bizə çox vacibdir. Hər-halda bu qələbə bizim üçün dönüş nöqtəsi ola bilər. Ümumulikdə, oyundan razı qalmadım. Düzdür, qələbə qələbədir. Amma belə oynamaqla heç nə əldə etmək olmaz".

T.Əhmədov bildirib ki, komanda oyuna çox arxayınlıqla çıxıb: "Mən həmişə demişəm ki, rəqibə hörmətlə yanaşmaq lazımdır. İstər "Rəvan", istər "Qarabağ" olsun, rəqibə hörmətlə yanaşmaq lazımdır. Bunu dəfələrdə komandaya demişdim. Bir daha deyirəm, belə arxayınlaşmaq olmaz. Bunlar bizim üçün çox başağrı ola bilər. Futbol arxayınlığı və rəqibə hörmətsizliyi sevmir".

Baş məşqçi matçın gedişində məcburi dəyişiklik edib. O, qapıçı Rəşad Əzizlinin əvəzinə Aqil Məmmədovu meydana daxil edib. Mütəxəssis bildirib ki, Rəşadın ciddi zədəsi var: "Rəşadın ağır zədəsi var. Həkimə tapşırıq verdim ki, bütün zədəlilər bərpa olunsun".

Çalışdırıcı komandaya yeni cəlb olunan Sadio Tounkara haqda da danışıb: "Tounkara uzun müddətdir futboldan kənardadır. Deməzdim ki, yaxşı vəziyyətdədir. Ancaq onun toparlanacağına inanıram. Çox güman ki, o, "Qəbələ" ilə oyunda meydanda olacaq". //Futbol11.az

Bütün xəbərlər Facebook səhifəmizdə