Formula 1 üzrə Azərbaycan Qran Prisində yeniliklər

Formula 1 üzrə Azərbaycan Qran Prisində yeniliklər

Bu gün 2017-ci ildə ölkəmizdə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisinin hazırlığı ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətininin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai və şirkətin Kommersiya şöbəsinin direktoru Bülənt Özərdim iştirak edib.

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkətininin Marketinq və Kommunikasiya departamentinin rəhbəri N.Arpadarai yarışın biletlərinin artıq satışa çıxarıldığını qeyd edib: "2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri bu gündən etibarən www.bakucitycircuit.com saytında onlayn qaydada satışa çıxarılıb.

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) elan etdiyi 2017 Formula 1 Dünya Çempionatının təqviminə görə, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışının keçirilmə tarixi 23-25 iyun 2017-ci il tarixlərinə təsadüf edir. Nəzərdə tutulan tarixin bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən Qran Prinin 24 saat davam edən Le Man yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır.

Bundan başqa, Bakıda keçiriləcək yarışın rəsmi adı dəyişdirilərək Formula 1 Azərbaycan Qran Prisi olub.

Əməliyyat şirkəti biletləri erkən alanlar üçün məhdud sayıda 30 %-dək endirimli 4 günlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlər yenidən tam qiymətlərlə satılacaq.

Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 22 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir".

O bildirib ki, bu il Bakıda ilk dəfə keçirilmiş Formula 1 yarışı böyük uğurla baş tutub: "Bu yarış sadəcə dünyada Formula 1-in milyonlarla azarkeşinə Bakının möhtəşəm görünüşünü təqdim etmədi, eyni zamanda Formula 1-in ən yeni və gərgin mübarizəyə səhnə olan trekini bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. Trekin 7-11-ci döngələrində - İçəri Şəhərin möhtəşəm qala divarları boyunca uzanan Bakının dar küçələrində bolidlərin yüksək sürətlə hərəkəti Formula 1-in bu ilki çempionatının ən yaddaqalan məqamlarından biri oldu. Bununla yanaşı, 2016 Formula 1 Avropa Qran Prisi ən yüksək sürətin qeydə alındığı şəhər treki ünvanına sahib oldu. Belə ki, Williams Martini Racing komandasının pilotu Valteri Bottas Bakıda baş tutan Formula 1 yarış həftəsonu zamanı trekin dənizkənarı boyunca uzanan sürətlənmə hissəsində rəsmi göstərici ilə 366 km/saat sürətlə hərəkət etdi. Rəsmi olmayan rəqəmlərə görə, onun öz bolidini 378 km/saat sürətlə sürdüyü qeydə alınmışdı. Bundan əlavə, yenə Williams Martini Racing komandası Bakıda başqa bir rekorda imza atdı. Komanda Felipe Massanın bolidinə tətbiq etdiyi pit-stop əməliyyatını sadəcə 1,92 saniyədə reallaşdırdı. Bu göstərici 2013-cü ildə ABŞ Qran Prisi zamanı Formula 1 tarixində qeydə alınmış rekord göstərici ilə bərabər oldu".

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkətininin Kommersiya şöbəsinin direktoru Bülənt Özərdim deyib ki, 2017-ci il Formula 1 Avropa Qran Prisinə müxtəlif qiymətlərdə biletlər təqdim olunur: "Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən Abşeron tribunası ilə yanaşı, trek boyunca yerləşən, döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı verən müxtəlif tribunalar daxildir.

Dörd günlük biletlərə əlavə olaraq, 2-15 yaş arasında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli "gənc" biletləri təklif olunur ki, bu da yarışı ailəvi şəkildə izləmək istəyənlər üçün kampaniya çərçivəsində təklif olunan böyük fürsətlərdən biridir.

Bununla yanaşı yarışı, trekin müxtəlif yerlərində yerləşən ayaqüstü zona və platformalardan izləmək istəyənlər üçün bir günlük ayaqüstü biletlər təklif olunur.

Dörd günlük endirimli biletlərin qiyməti 150 - 550 AZN, bir günlük ayaqüstü biletlərin qiyməti isə 60 - 150 AZN arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə