MOK-da mətbuat konfransı keçirilib FOTOLAR

MOK-da mətbuat konfransı keçirilib FOTOLAR

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) VII hesabat-seçki baş məclisindən sonra qurumun vitse-prezidenti Çingiz Hüseynzadə media nümayəndələri üçün mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, o, ölkə başçısı İlham Əliyevin yenidən yekdilliklə Milli Olimpiya Komitəsinə prezident seçildiyini bildirib. MOK-un vitse-prezidenti qurma yeni üzvlərin də seçildiyini qeyd edib: "İcraiyyə Komitəsinin 17 nəfərlik üzvü seçildi. Hesabat-seçki baş məclisindən sonra ilk iclas oldu, MOK-un vitse-prezidentləri və Baş katibi seçildi. Mən, Azad Rəhimov və Xəzər İsayev vitse-prezident, Ağacan Abiyev baş katib vəzifəsinə, Olimpiya çempionu Nazim Hüseynov və Bədən Tərbiyəsi İdman Akademiyasının yeni rektoru Fuad Hacıyev isə İcraiyyə Komitəsinə yeni üzv seçilib".

Ç.Hüseynzadə bu gündən 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına hazırlıqların başladığını deyib: "Bu gündən "Tokio-2020" ilə bağlı hazırlıqlara başlayırıq. Hazırlıq elə səviyyədə olmalıdır ki, Tokoiodakı nəticələr Rio-de-Janeyrodakı uğurlarımızdan zəif olmasın".

O, bəzi idman növlərində - üzgüçülük, yüngül atletika, qılıncoynatma, otüstü hokkeydə olan problemlərdən söz açıb: "Üzgüçülük və atletika kütləvi medal növləridir. Lakin bu növlərdə yarışlarda iştirak etsək də, medal qazana bilməmişik. Bunun da obyektiv səbəbləri var. Birinci Avropa Oyunlarına qədər ölkəmizdə Olimpiya standartlarına uyğun 50 metrlik hovuz yox idi. Belə olan halda idmançı hazırlamaq çətin olur. Hazırda isə Azərbaycanda Olimpiya standartlarına cavab verən Su İdman Sarayı fəaliyyət göstərir.

Atletika idman növü üçün də dünya standartlarına cavab verən iki qaçış zolağı var. Onlardan biri Bakı Olimpiya, biri də Tofiq Bəhramov adına Respublika stadionundadır. İndi inkişaf üçün şəraitimiz var.

Saleh MəmmədovAzərbaycan Həndbol Federasiyasına yeni prezident seçildi. O, "Azəryol" voleybol klubuna rəhbərlik edib. İnanıram ki, ölkəmizdə həndbol inkişaf edəcək. Yeni rəhbərlik qarşısında ciddi məqsədlər qoymuşuq. Azərbaycan gələn il keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında layiqli komanda ilə iştirak etməlidir. Azərbaycan Qılıncoynatma Federasiyasında isə vəziyyət ağırdır. Fəaliyyətini qura bilməyən bir çox federasiyalarda dəyişiklik olacaq.

Bizim otüstü hokkey komandamız var idi. Amma heyəti əsasən xaricilərdən ibarət idi. Legionerlərin gəlişi idmanın inkişafına müsbət təsir göstərir. Amma xaricilər Azərbaycanda otüstü hokkeyin inkişafına kömək etmədilər. Milli Olimpiya Komitəsinin Prezidenti, dövlət başçısı İlham Əliyevin göstərişinə əsasən bütün federasiyaların işi ilə bağlı təhlillər aparacağıq".

O, Azərbaycanın Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı danışıqlar aparıldığını da bildirib: "Bu barədə hələ ki, müqavilə imzalanmayıb. Avropa Olimpiya Komitəsi bununla bağlı Belarusla müqavilə imzalayıb. Həmin müqavilə ləğv olunacaq. Çünki Belarus II Avropa Oyunlarına ev sahibliyi edəcək. Biz Avropa Gənclər Olimpiya Festivalını keçirmək üçün namizədliyimizi irəli sürmüşük".

Ç.Hüseynzadə Azərbaycanda dopinqə qarşı mübarizə haqqında da danışıb: "Azərbaycanda dopinqlə bağlı qanun qəbul olundu. Bu qanuna görə ölkəmizdə Antidopinq Agentliyi yaradılmalıdır. Beynəlxalq Antidopinq Agentliyinin (WADA) son sənədində Azərbaycan da dopinqlə bağlı qanunu olmayan ölkələr siyahısına daxil edilib. İlin sonuna qədər Antidopinq Agentliyi yaradılmalı və Azərbaycanın adı WADA-nın bu siyahısından çıxarılmalıdır. İnanmıram ki, "Rio-2016"da iştirak edən hansısa idmançıda dopinq tapılsın. Çünki bütün beynəlxalq komitələr "Rio" Olimpiadasında yarışların təmiz olduğunu bildirirlər. Onu da qeyd edim ki, Budapeştdəki iclasda WADA tənqid olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə