Elnur Əşrəfoğlu: "Gürcüstan toplanışı millimizin hazırlığına müsbət təsir göstərəcək" AÇIQLAMA
"Cüdo üzrə milli komandamız gələn il Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın ilkin mərhələsinə Gürcütanda başlayıb. Qonşu ölkədə keçirilən təlim-məşq toplanışında yığma komandanın əsas heyəti iştirak edir". Bunu SİA-ya Azərbaycan Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu deyib.
O, Gürcüstan toplanışının millimizin hazırlığına müsbət təsir göstərəcəyini qeyd edib: "Gürcüstan cüdo ənənəsi olan ölkədir. Bu ölkənin yığma komandasında tanınmış və təcrübəli idmançılar var. Onlarla birlikdə təlim-məşq toplanışı, sparrinq görüşlər keçirmək milli komandamızın xeyrinədir. İdmançılarımız artıq bir həftədir oradırlar. Toplanış 10 gün nəzərdə tutulub".
Departament rəhbəri bildirib ki, milli komandamızı qarşıda bir çox yarışlar gözləyir: "Dekabrın 10-12-də yeniyetmələr, 22-23-də böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək. Ölkə çempionatında yığma komandamızın əsas heyətinin də iştirakı gözlənilir. Gələn il IV İslam Həmrəyliyi Oyunlarınadək təqvimdə bir çox beynəlxalq yarışlar var. Millimiz komandanın məşqçilər korpusunun müəyyənləşdirdiyi yarışlarda çıxış edərək, Olimpiadaya lisenziya xalları qazanmağa çalışacaqlar".
Qeyd edək ki, toplanışda Olimpiya mükafatçısı Rüstəm Orucov, dünya çempionu Elxan Məmmədov, Avropa və dünya mükafatçıları Orxan Səfərov, Nicat Şıxəlizadə və Hidayət Heydərov kimi titullu cüdoçular iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB