Narkomaniyadan idmana AÇIQLAMA

"Narkomaniya ümumbəşəri problem olaraq bütün dünyada mövcuddur. Dünya mütəxəssisləri, beynəlxalq strukturlar, o cümlədən Azərbaycan narkomaniyadan əziyyət çəkən insanların bu bəladən qurtulmaları üçün daim yeni metodların axtarışındadır". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O qeyd edib ki, narkotik maddələrin asılılığından çıxmaq üçün maairfləndirmə ilə yanaşı, ən effektli vasitə kimi idman təqdim olunur: "İdman narkomaniyadan əziyyət çəkən hər bir insana sağlam həyata yönəlmək üçün böyük stimul verir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi bununla bağlı müxtəlif federasiyalarla birlikdə layihələr həyata keçirir. Məsələn, biz Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə tanınmış güləşçilərimizi islah əmək müəssisələrindəki gənclərlə görüşdürmüşük. Onların çoxu narkotik maddələrlə cinayət törətmiş şəxslərdirlər. Tanınmış idmançıların onlarla söhbətlər aparmaları, sağlam həyata həvəsləndirmələri hazırda həmin şəxslərin bir çoxunun həvəskar idmanla məşğul olmasına gətirib çıxarıb. Biz təşkil etdiyimiz böyük yarışlara girişi pulsuz edirik ki, gənclər idman yarışlarının, sağlam həyat tərzinin şahidi olsunlar və bu iqtiamətdə maraqları artsın".

R.Abbasov bildirib hazırda Azərbaycanda idman qurğularına kütləvi axın var: "Aparılan monitorinqlər göstərir ki, bu gün ölkəmizdə peşəkar idmançılarla yanaşı, olduqca böyük sayda həvəskar idmançılar var. Onların arasında alkaqol və narkotik maddələrin asılılığından əziyyət çəkənlər də mövcuddur. Aparılan işlər həmin şəxsləri cəmiyyətə qaytarıb. İstisna deyil ki, onlar arasında daha yüksək nəticələr əldə edən şəxslər olacaq. Dünyada belə hallar mövcuddur. Məsələn, İtaliya futbolunda, ABŞ-ın peşəkar boksunda belə idmançılar var. Bu istiqamətdə medianın da maarifləndirici rolu önəmlidir. Bu gün Azərbaycan televiziya kanallarında və internet resurslarında idman məlumatının həcmi daha çoxdur. Gün ərzində idman haqqında məlumat almaq, narkomaniyadan əziyyət çəkən hər bir şəxsin sağlam həyata yönəlməsində mühüm əhəmiyyət kəsb edir. Hazırda idmanla məşğul olmaq, fiziki görünüşün daha yaxşı görünməsi cəmiyyətdə dəb halını alıb. Beynəlxalq və ölkə əhəmiyyətli yarışların sayının artması da sağlam həyata meylliliyi artırır. Genefondumuza daha sağlam, gümrah, fiziki hazırlıqlı nəsil yetişdiririk. Bu da güclü Azərbaycan deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə