"Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsinin birinci günü mübarizə aparan sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazandılar. İdmançılarımzın çıxışları məni qane etdi". Bunu SİA-ya açıqlamasında sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçi əvəzi Firdovsi Umudov deyib.
O qeyd edib ki, yarışda mübarizə aparan heyətdə əsasən gənc güləşçilərə üstünlük verib: "Dünya Güləş Birliyinin (DGB) qaydalarına əsasən, hər çəki dərəcəsində 3 güləşçimiz çıxış edə bilərdi. 57, 61,65, 70, 74 kq-da 3, qalan çəkilərdə isə 2 idmançıya şans vermişdim. Olimpiya mükafatçılarımız yarışlarda iştirak etmirdilər. Bu yarış dünyanın ən güclü və mötəbər güləş turnirlərindəndir. Gənc güləşçilərimizin çıxışından razı qaldım. Elə güləşçilərimiz var ki, təcrübəsizlikdən medal qazana bilmədilər. Buna baxmayaraq, onların çıxışlarını qənaətbəxş hesab edirəm. Gənclər özlərini yaxşı tərəfdən göstərdilər, ümidləri doğrultdular".
F.Umudov qeyri-olimpiya çəki dərəcələrində keçiriləcək dünya çempionatında iştirak edəcək heyəti müəyyənləşdirdiklərini bildirib: "Qarşıda bizi Macarıstanın Budapeşt şəhərində dekabrın 10-13-də keçiriləcək qeyri-olimpiya çəki dərəcələrində dünya çempionatı gözləyir. Bu yarışda iştirak edəcək heyəti artıq müəyyənləşdirmişik. Dünya çempionatında 61 və 70 kq çəki dərəcəsində təmsil olunacağıq. 61 kq çəki dərəcəsində "Qızıl Qran-pri" beynəlxalq turnirinin qalibi Əhmədnəbi Qvarzatilov, 70 kq-da isə həmin yarışın gümüş medalçısı Gitinomaqomed Hacıyev çıxış edəcək. Məlum olduğu kimi, 61 kq çəkidə hər zaman Olimpiya mükafatçısı, 2 qat dünya və Avropa çempionu Hacı Əliyev çıxış edirdi. Amma o, 57 kq-da Olimpiadanın bürünc medalını qazanıb. DGB-nin qaydalarına əsasən, Olimpiya Oyunlarının iştirakçıları bu dünya çempiontında iştirak edə bilməzlər".
O, gələn ilin yanvar ayında keçiriləcək ölkə çempionatında yığma komandanın əsas heyətini tam müəyyənləşdirəcəklərini və gələcək yarışlarda həmin heyətə üstünlük verəcəklərini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB